20 aprel 2021- ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunun Ümumi fənlər kafedrasının təşkiltatçılığı ilə “Şagirdlərin ekoloji tərbiyəsində coğrafiya və biologiya fənlərinin imkanları” mövzusunda konfrans keçirilmişdir. Konfransda İnstitutun professor müəllim heyyəti, Naxçıvan Muxtar Respublikası orta ümumtəhsil məktəblərinin bir qrup coğrafiya və biologiya müəllimləri və tələbələr iştirak etmişdir

Konfransı giriş sözü ilə institutunun rektoru Azad Novruzov açaraq  qeyd etmişdir ki, ekoloji tarazlığın qorunması günümüzün  aktual problemlərindən biridir. Kiçik yaşlardan uşaqları təbiətə qayğılı münasibət ruhunda tərbiyə etmək, ekoloji şüuru və mədəniyyəti formalaşdırmaq müəllimlərin qarşısında duran mühüm vəzifələrdəndir. Şagirdlərə aşılanmalıdır ki, hər bir insan - şəxsiyyət və vətəndaş kimi öz yurdunun, bəşər övladı kimi isə dünyanın ekoloji vəziyyəti və tarazlığı üçün məsuliyyət hiss etməli, onun pozulması hallarına barışmazlıq göstərməlidir. Bu, dünyanın hər bir sakininin insanlıq borcudur. Təəsüflər olsun ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın bitki örtüyünə, meşələrinə amansız divan tutulmuşdur. Dağlıq Qarabağ və onun ətrafında gedən hərbi əməliyyatlar nəticəsində  hektarlarla meşə sahələri, çoxsaylı təbiət abidələri amansızlıqla məhv edilmişdir.  Ermənilərin Azərbaycana qarşı ekoloji terrorunun qarşısı 44 günlük müharibə vasitəsi ilə alınmış, Müzəffər Ali baş kamandanın rəhbərliyi, əsgər və zabitlərimizin qəhrəmanlığı nəticəsində torpaqlarımız ekaloji terrordan azad edilmişdir.

Rektor qeyd etmişdir ki, ekoloji tarazlığın qorunması, bu işin sistemli təşkili və müxtəlif fənlərin imkanlarından istifadə etməklə şagirdlərin ekoloji dünyagörüşünü formalaşdırmaq, onların ekoloji tərbiyəsini təmin etməklə mümkündür. Şagirdlərin ekoloji tərbiyəsində daha çox imkanlara malik olan coğrafiya və biologiya fənn müəllimlərinin bilik və bacarıqlarının müasir tələblər baxımından təkmilləşdirilməsi olduqca zəruridir.

Tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun Ümumi fənlər kafedrasının müdiri, dosent Qızıllı Əliyeva ”Şagirdlərdə ekoloji dünyagörüşün formalaşdırılmasının əhəmiyyəti” mövzusunda çıxış etmişdir. Qeyd olunmuşdur ki, ekoloji təhsilin təməli orta məktəbdə qoyulur. Fənlərin tədrisi prosesində ekoloji məsələlərə lazımi diqqət yetirilməsi şagirdlərə təbiətə qayğı  ilə yanaşmağı tərbiyə edir, onlar dünyanın taleyi üçün bəşəri problem olan ekoloji fəlakətlə mübarizədə öz məsuliyyətlərini başa düşərlər.

Sonra Ümumi fənlər kafedrasının müəllimlərindən b.ü.f.d. Lamiyə Quliyeva “Ekoloji problemlərin biomüxtəlifliyə təsiri”, b.ü.f.d. Afaq Əliyeva “ Biologiya dərslərində ekoloji biliklərin öyrədilməsi” və Ülviyyə İsgəndərovaCoğrafiya dərslərində şagirdlərə ekoloji tərbiyənin formalaşdırılması yolları” mövzularında çıxış etmişlər.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılmış, videocarx nümayiş olunmuşdur. 

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti