AMEA Naxçıvan Bölməsi və Türk Tarix Qurumu nümayəndələrinin iştirakı ilə onlayn tədbir olub. Giriş sözü ilə çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, tədbirin keçirilməsində məqsəd bölmənin qardaş ölkənin elmi müəssisələri ilə əlaqələrinin daha da genişləndirilməsi, səmərəli əməkdaşlığın yaradılmasıdır.
Akademik rəhbərlik etdiyi elm ocağı haqqında dinləyicilərə ətraflı məlumat verərək vurğulayıb ki, AMEA Naxçıvan Bölməsi ulu öndər Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli Sərəncamına əsasən yaradılıb. Həmin dövrdən etibarən bölmədə 6 elmi-tədqiqat institutu – Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat, Təbii Ehtiyatlar və Bioresurslar institutları, Batabat Astrofizika Rəsədxanası və Əlyazmalar Fondu fəaliyyət göstərir. Bölmədə aparılan tədqiqatların əsas istiqamətini Naxçıvanın tarixi, ədəbi mühiti, təbii ehtiyatları, flora və faunasının hərtərəfli tədqiqi təşkil edir. Çoxşaxəli araşdırmalar aparan bölmənin Əlyazmalar Fondunda və Elmi Arxivində mühüm elmi əhəmiyyətə malik materiallar mövcuddur.

Bölmə sədri aparılan elmi tədqiqatlar və onların nəticələrindən ətraflı bəhs edərək diqqətə çatdırıb ki, 18 illik fəaliyyəti dövründə Naxçıvan Bölməsinin əməkdaşları tərəfindən fundamental nəşrlər, çoxsaylı kitab və monoqrafiyalar, dərs və metodik vəsaitlər, xəritələr və sair işıq üzü görüb. Bölmə alimləri indiyədək 34 patent və müəlliflik şəhadətnaməsi alıblar.
AMEA Naxçıvan Bölməsi müxtəlif ölkələrin 20-dən artıq elm və təhsil mərkəzləri ilə səmərəli əməkdaşlıq etməkdə olduğunu vurğulayan akademik çıxışında yeni əməkdaşlığın Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunun vasitəçiliyi ilə təməlinin qoyulduğunu bildirib. AMEA Naxçıvan Bölməsinin sədri Türk Tarix Qurumu ilə əməkdaşlığın elmi istiqamətlərindən, bu əlaqələrin vəd etdiyi gələcək səmərələrdən söz açıb.
Tədbirdə çıxış edən Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz hər iki qardaş ölkənin tarixi, mədəni və mənəvi birliyindən söz açıb. Çıxışda Türkiyə Cümhuriyyəti ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında davam edən məhsuldar əlaqələrdən, elm, təhsil və mədəniyyət sahəsindəki əməkdaşlıqlardan bəhs olunub. Yeni əməkdaşlığın faydalı olacağına inam ifadə edilib.
Türk Tarix Qurumunun rəhbəri, professor Birol Çətin, AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, dosent Emin Şıxəliyev, Türk Tarix Qurumunun nümayəndələrindən professorlar Hikmət Öksüz, Haluk Selvi, İbrahim Tellioğlu və Hüseyin Murat Yücel çıxışlarında iki elmi qurum arasındakı əməkdaşlığı təqdir ediblər.
Onlayn tədbirdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, iki qardaş ölkənin elm adamlarının iştirakı ilə tarixi faktların daha əhatəli tədqiqi, elmi əhəmiyyətli monoqrafiya və kitabların tərcüməsi və təbliği ilə bağlı bir sıra məsələlər müzakirə olunub, hər iki qurum arasında imzalanacaq elmi əlaqələrə dair protokolla bağlı fikir mübadiləsi aparılıb.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti