Naxçıvan Dövlət Universiteti “İqtisadiyyat və idarəetmə” fakültəsində tədrisi ingilis dilində olan “İqtisadiyyat” ixtisasının tələbələri üçün dəyirmi masa təşkil edilib. Tədbiri giriş sözüylə açan universitetin rektoru Elbrus İsayev növbəti ixtisasların da tədrisinin ingilis dilində olmasına zəmin yaradan bu ixtisasın açılmasını ali təhsil ocağında uğurlu bir başlanğıc hesab edib. Qeyd edilib ki, bu cür ixtisasların açılması ilə universitet məzunlarının karyera imkanları dəyərləndiriləcək və xarici tələbələrin universitetdə təhsil almaq imkanları daha da artacaq. Bildirilib ki, fakültənin nəzdində yaradılmış müstəqil iqtisadi kitabxana fonduna ingillisdilli ixtisas ədəbiyyatları daxil edilib və ixtisaslar zəruri ədəbiyyatlarla təmin olunub. Amma, buna baxmayaraq gələcəkdə kitabxananın zənginləşdirilməsi də əsas hədəfimizdir, deyən rektor lazımlı ədəbiyyatların mütəxəssislər tərəfindən yazılması ilə bərabər tərcümə olunmasını da məqsədəuyğun hesab edib. Diqqətə çatdırılıb ki, hazırda muxtar respublika iqtisadiyyatına dair kitab həm bu sahə üzrə, həm də ingilis dili bacarıqlarına malik mütəxəssislərin səyi nəticəsində ərsəyə gələcək.

 

Sonra İngilis dilinə tərcümə edilmiş “Sənayeləşmiş Naxçıvan” filmi izlənilib.

Fakültənin müəllimi Elşən Nəsirov muxtar respublika iqtisadiyyatının çoxşaxəli fəaliyyəti haqda çıxış edib.

Dəyirmi masa tələbələrin “Mənim iqtisadi düşüncələrim” adlı mövzusu üzrə öz fikirlərinin müzakirəsi  ilə davam edib. Tədbirdə müəllim və tələbələrin sualları da aydın cavablandırılıb.

Qeyd edək ki, müzakirə iştirakçılarının əksəriyyəti “İqtisadiyyat” ixtisası üzrə ingilis dilində təhsil alan I kurs tələbələri olublar. Tələbələr iqtisadiyyata dair düşüncələrini maraqlı, əhatəli, aydın şəkildə və ingilis dili bacarıqlarından məharətlə faydalanaraq təqdim ediblər.

Məlumat üçün onu da bildirək ki, dəyirma masada əcnəbi tələbələr də fəallıq göstəriblər. Xarici tələbələr öz ölkələri ilə muxtar respublika iqtisadiyyatının fərqli cəhətlərinə toxunublar.

Səadət Əliyeva

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri