Naxçıvan Dövlət Universiteti müasir təhsil üsulları ilə yanaşı, xarici görkəmi və bir-birindən gözəl tədris korpusları ilə nəinki tələbələrin, həmçinin universitetə səfər edən yerli və əcnəbi qonaqların da diqqətini özünə cəlb edir. Bunu muxtar respublika ərazisində təhsilə və gənc nəslə olan xüsusi diqqət və qayğının ən gözəl nümunəsi kimi dəyərləndirmək lazımdır. Universitet kompusu öz coğrafi mövqeyi və məkan olaraq Naxçıvan şəhərinin şimal-qərbində yerləşir. 50 ildən artıqdır ki, bu ərazini haqlı olaraq hamı elmin, təhsilin dəyişməz ünvanı kimi tanıyır. İstərdik ki, bu təhsil ocağının bütün imkanlarından bəhrələnən bir tələbə olaraq fikirlərimi çatdırım.

Oxuduğum əsas korpusa az qalmış möhtəşəm bir bina öz əzəməti ilə ucalır. Digər korpuslardan öz görkəmi ilə seçilən universitet elmi kitabxanası üçün yaradılmış bina tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi və biliklərini, dünyagörüşlərini artırması üçün yeganə ünvandır.  Kitabxananın içərisində geniş oxucu salonları və zəngin kitab ehtiyatı ilk baxışdan diqqəti çəkir.  Rəflərdə xüsusi nizamla düzülmüş kitablar elmin və təhsilin bütün sahələrini əhatə edən bilik mənbəyidir. Hər gün buranı yüzlərləmüəllim və tələbə ziyarət edir. Onlara yaradılan yüksək xidmət və şəraitdən istifadə edirlər. Burada yüksək səliqə-səhmanla, xüsusi qaydalarla düzülən kitablar, müəllimlərin elmi araşdırmaları oxumaq həvəsi olan hər kəsi bu elm məbədinə səsləyir. 

Kitabxananın sağ tərəfində isə incəsənətə marağı və istedadı  olan tələbələrin təhsilə daha dərindən yiyələnmələri üçün nəzərdə tutulmuş möhtəşəm bir bina –konservatoriya inşa edilib. Binaya daxil olduğumuz zaman hər mərtəbədə yaradılan geniş meydanda burada təhsil alan tələbələrin əl işlərindən ibarət təşkil edilən sərgilər diqqətimizi çəkir. Müxtəlif ixtisasların tələbələrinin yaradıcılığını əks etdirən bu təşəbbüs gənclərin bacarıqlarının və   universitetin onlara verdiyi təhsilin göstəricisi kimi nümayiş olunur. Bu, həm də tələbələrin öz ixtisaslarında  gələcək mütəxəssis kimi inkişafında da mühüm rol oynayır. Burada rəssamlıq, aktyorluq, musiqişünaslıq və bir çox ixtisaslar üzrə yüzlərlə tələbə təhsil alır. 

...Və keçək mənə doğma olan əsas korpusa. Niyə doğma dedim, bilirsinizmi? Digər ixtisaslarla yanaşı mənim təhsil aldığım “Jurnalistika” ixtisası da burada yerləşir. Beləliklə, mən  burda təhsil alıram və auditoriyalarına ayaq qoyduğum ilk gündən müəllimlərin tələbələrə olan səmimi rəftari, tələbələrin bir-birinə olan mehribanlığı insanda doğmalıq hissi aşılayıb. Mən bir tələbə jurnalist olaraq deyə bilərəm ki, təhsilimizdə fakültəmizin və kafedramızdakı müəllimlərin əməyi çox böyükdür. Ölkə səviyyəsində ilk dəfə Naxçıvan Dövlət Universitetində yaradılan və  biz tələbə-jurnalistlər üçün nəzərdə tutulan Media Mərkəzinin fəaliyyəti ayrıca bir mövzudur. Mərkəzdə çalışan peşəkar kollektivin sayəsində 4 il təhsil alan tələbə gələcəyin əsl jurnalisti kimi yetişmək imkanı qazanır. Media Mərkəzində universitet televiziya və“Nuhçıxan” radiosu fəaliyyət göstərir. Əvvəllər yalnız universitet ərazisində yayımlanan televiziya bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı və təşəbbüsü ilə muxtar respublika ərazisində yayımlanır. Belə ki, həftənin bazar ertəsi, çərşənbə və cümə günləri Universitet Televiziyasının hazırladığı verilişlər saat 11-dən 15-ə-dək Kanal 35 Televiziyasının efir tezliyindən tamaşaçılara təqdim edilir. 

Bununla yanaşı tələbələr  yazdığı yazılarla mətbuatda da öz sözünü deyirlər. Bu yazılar həm universitetin öz mətbu orqanında, yəni “Yeni fikir” qəzetində, həm də muxtar respublika ərazisindəki müxtəlif qəzetlərdə çap olunur. Bu da universitetinin biz jurnalist tələbələrə yaratdığı imkanlardır.

Universitetimizdə demək olar ki, hər həftə müxtəlif mövzuda tədbirlər keçirilir. Hər tədbir öz ixtisasına uyğunlaşdırılan  korpuslarda təşkil olunur. Yaxın zamanlarda tələbələr üçün  hər cür şərait olan Xarici dillər üçün ayrıca korpus istifadəyə verildi.

Universitetimizin ərazisində ağ xalatlıtələbələr də o dəqiqə diqqəti çəkir. Bu təbii ki, insanda fərqli təəssürat yaradır. Onlar Tibb fakültəsinin tələbələri,  yəni gələcəyin həkimləridir. Yaşadığımız son hadisələrə nəzər salsaq dünyanın məlum pandemiya- COVİD-19 virusu ilə  mübarizəsində  həkimlərin  həyatımızda nə qədər böyük rol oynadığının şahidi oluruq. Tibb fakültəsində də təhsil alan tələbələr burda yaradılan imkanlardan geniş şəkildə  istifadə edirlər.

Tələbələrimizin boş vaxtlarını səmərəli və faydalı keçirmələri üçün  universitet ərazisində  idman kompleksidə yaradılıb. Burada idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün avadanlıqlar, qurğular qurulub.

Universitetimizdə  yerli tələbələrlə yanaşı, xarici tələbələrdə təhsil alır. Bu tələbələr dünyanın bir çox ölkəsindən bura gəlib müxtəlif ixtisaslar üzrə təhsillərini davam etdirirlər. Tələbələrimizi düşünərək həm xarici, həm də yerli tələbələr üçün  hər cür  şəraiti olan yataqxana  istifadəyə verilib. Burada isə hər kəs özünü lap doğma evindəki kimi hiss edir.

Mən bir tələbə olaraq Naxçıvan Dövlət Universitetində oxumağımla  fəxr edirəm. Doğrudan da dünyanın 50-yə qədər nüfuzlu universiteti ilə əlaqə yaradan, əməkdaşlıq edən, ən müasir təhsil bazasına malik bir tədris ocağında təhsil almaq hər bir gəncin arzusudur. Gələcəkdə uğurlu addımlar atmaq üçünuniversitetimiz geniş üfüqlərə qədər uzun  bir yol açır. Biz də öz növbəmizdə ali təhsil ocağımızda biz- tələbələrə yaradılan şəraitdən səmərəli və düzgün istifadə etməyi bacarmalıyıq. Naxçıvan Dövlət Universitetində mövcud olan şərait və peşəkar müəllim heyətibu gün təkcə muxtar respublikada deyil, Azərbaycanda onu  nümunəvi universitetlərdən birinə çevirib. Bunun ən gözəl şahidləri isə burda təhsil alan tələbələrdir.

Bülbül Quliyeva

“Jurnalistika”ixtisası üzrə II kurs tələbəsi