“Naxçıvan” Universitetində keçirilən konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, dosent Nurlana Əliyeva açıb, Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rektor bildirib ki, Azərbaycanın bütövlüyü uğrunda həyatını qurban verən hər bir şəhidin xatirəsi xalqımız üçün əzizdir. Onların həyatı bugünkü nəsil üçün örnəkdir. Bildirilib ki, 44 günlük Vətən müharibəsində qələbəmizi təmin edən şəhid və qazilərimiz haqq-ədalət, milli birlik yolunun yolçuları kimi daim gələcəyimizi aydınladacaqdır.
İlahiyyat kafedrasının müəllimi Kubra Vəliyeva “Qurani-Kərim”də və hədislərdə Vətən sevgisi və şəhidlik” mövzusunda məruzəsində qeyd edib ki, qazilik və şəhidlik anlayışı məhz İslam dininə xas olan anlayışlardır. Yalnız bu dində şəhidlik ali məqam sayılır və müqəddəs hesab olunur.
Sonra Dinşünaslıq ixtisasının 3-cü kurs tələbəsi Nəzrin Məmmədovanın “İslamda şəhidlik məqamı” adlı çıxışı dinlənilib.
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev bildirib ki, sahib olduğumuz müstəqilliyi gələcək nəsillərin rahat yaşaması, xalqını, dövlətini qorumaq üçün canından keçən şəhidlərə borcluyuq. Vüqar Babayev 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan qələbəni xatırladıb və bu qələbədə öz qanları ilə imzalarını atan şəhidlərin ruhunu yad edib.
Sonda suallar cavablandırılıb.

“Naxçıvan” Universitetinin
mətbuat xidməti