26 Aprel 2024, Cümə

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində muxtar respublikada elmin inkişaf istiqamətləri və perspektivlərinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Qeyd olunub ki, ölkə başçısı cənab İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda “Elm günü”nün təsis edilməsi, bütövlükdə, Azərbaycan elminə, elmi ictimaiyyətinə göstərilən diqqət və qayğının göstəricisidir. O bildirib ki, Vətən müharibəsində ölkəmizin qazandığı tarixi qələbə qəhrəman oğullarımızın mərdliyi, şücaəti ilə yanaşı, həm də elmi yeniliklərin tətbiqi ilə əlamətdardır.

Naxçıvanşünaslığın keçdiyi zəngin inkişaf yoluna nəzər salan akademik diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərliyinin birinci dövründən başlayaraq daim elmə qayğı göstərmiş, elmin inkişafı üçün məqsədyönlü və uzaqgörən addımlar atmışdır.
Ulu öndərin elm siyasəti Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilmiş, elmin inkişafı üçün imzalanan qərar və sərəncamların, qəbul olunmuş proqramların icrası istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Yaranmış əlverişli şəraitdən istifadə edən muxtar respublika ziyalıları Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüs və göstərişi ilə bir sıra mühüm əhəmiyyətə malik beynəlxalq simpoziumların keçirilməsinə müvəffəq olmuşlar. Akademik çıxışında ümummilli lider Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli Sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılmasından bəhs edib. Vurğulanıb ki, bölmənin fəaliyyəti dövründə aparılan elmi-tədqiqat işlərinin 174 mühüm nəticəsi AMEA-nın illik hesabatlarına daxil edilib, bölmənin fəaliyyəti dövründə bir çox fundamental nəşrlər işıq üzü görüb. Bölmə əməkdaşları tərəfindən muxtar respublikada yerləşən 1200-dən çox tarix və mədəniyyət abidəsi aşkar olunaraq pasportlaşdırılıb.
Vikipediya açıq dünya ensiklopediyasında ingilis və rusdilli səhifələrdə Naxçıvan tarixi ilə bağlı erməni iddialarını əks etdirən məqalələrin redaktəsi həyata keçirilib, 232 yeni məqalə yerləşdirilib.
Məruzədə muxtar respublika alimlərinin aldığı patentlər, qalib olduqları qrant layihələr, elmin istehsalata tətbiqi əsasında hazırlanan məhsullar, elm və ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrindən bəhs olunub.
Bildirilib ki, 2014-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun yaradılması, elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublika mükafatlarının təsis edilməsi, 2019-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun fəaliyyətə başlaması muxtar respublikada elm və təhsilin inkişafı istiqamətində dövlət siyasətinin uğurla həyata keçirilməsinin parlaq sübutudur.
Sonda akademik İsmayıl Hacıyev muxtar respublikada elmin inkişafına, ziyalılara göstərdiyi diqqət və qayğıya görə Naxçıvan ziyalıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirib.
Yığıncaqda Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov və “Naxçıvan” Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva çıxış ediblər. Çıxışlarda elmi kadr potensialının hazırlanmasında muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin müstəsna rolundan, AMEA Naxçıvan Bölməsi ilə elmi əməkdaşlığın perspektivlərindən, elm və təhsilin paralel inkişafı istiqamətində qarşıda duran vəzifələrdən bəhs olunub.

AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR