Naxçıvan Dövlət Universiteti və İqdır Universitetinin qoşulduğu “Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı” mövzusunda onlayn seminar siyasət, ticarət, mədəniyyət və turizm istiqamətlərində keçirilib.

Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev çıxışında qazandığımız zəfərin əldə olunmasında qardaş Türkiyənin Azərbaycana verdiyi psixoloji və mənəvi dəstəyi xüsusi qiymətləndirib. Qeyd edilib ki, bu müharibədə Azərbaycan təkcə öz tarixi torpaqlarını deyil, həm də tarixi ədaləti, döyüş gücünü, xalqımızın müdrikliyini ortaya qoydu. Rektor Azərbaycan-Türkiyə dostluğunun dünya ölkələrinə nümunə olduğunu qeyd edib.
İqdır Universitetinin rektoru Məhmət Haqqı Alma Türkiyənin hər zaman Azərbaycana maddi və mənəvi dəstək olacağına əminliyini bildirib. Rektor xalqımızı Azərbaycanın 44 günlük mübarizədə qalib olması münasibətilə təbrik edib.
Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev çıxışında vurğulayıb ki, Türkiyənin Azərbaycanın yanında olması, ona hər zaman öz dəstəyini göstərməsi Azərbaycanın 30 illik həsrətinə son qoyulmasında böyük rol oynadı.
İqdır Valisi Hüseyn Engin Sarıibrahim, İqdır millət vəkili Dursun Akdemir, Doğu Anadolu Projesi (DAP) rəhbəri Professor Osman Demirdöyen Türkiyənin qardaş ölkə olan Azərbaycana göstərdiyi diplomatik dəstəyinin əhəmiyyətini nəzərə çatdırıblar. Bu zəfərin nəticəsində imzalanmış Bəyanatın Azərbaycan-Türkiyə əlaqələrinin gələcək inkişafı üçün də böyük perspektivlər açdığı vurğulanıb.

Naxçıvan Dövlət Universitetinin
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi