Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsində təhsil alan Avropa çempionları ilə fakültə tələbələrinin görüşü olub.
Universitetin rektoru, dosent Elbrus İsayev tədbirdə çıxış edərək bildirib ki, Naxçıvanda idmanın kütləviliyinin artırılması istiqamətində görülən tədbirlər çərçivəsində ali təhsil ocağının idman bazası təmir edilərək yenidən qurulub, minifutbol meydançasının süni örtüyü yenisi ilə əvəzlənib. Rektor qeyd edib ki, hər il ali təhsil ocağında 70-80 nəfər ixtisaslı kadr hazırlanır, müxtəlif növlər üzrə hakimlərinin hazırlanması, seminarların təşkili də diqqət mərkəzindədir.

Bədən tərbiyəsi və idman kafedrasının müdiri, Əməkdar bədən tərbiyəsi və idman xadimi Əvəz Tağıyev çıxışında bildirib ki, hər il I kurs tələbələri arasında onların fiziki hazırlığını yoxlamaq və müxtəlif idman məşğələlərinə cəlb etmək məqsədilə seçmə yarışları keçirilir. Universitetdə 15 idman növü üzrə məşğələlər fəaliyyət göstərir.
Universitet idman klubunun sədri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Rəhimov vurğulayıb ki, son illərdə universitetin tələbələrindən Tayfur Əliyev I Avropa oyunlarında mükafata layiq III yeri tutub, şahmatçımız Toğrul Həsənzadə və Pərviz Qasımov müxtəlif beynəlxalq turnirlərin qalibi olaraq usta normasını, Sadiq Məmmədov isə fide usta normasını ödəyiblər. Karateçilərdən Sərcan Məmmədov və Aslan İsmayılov isə Avropa birinciliklərində müvəffəqiyyətlə çıxış ediblər. Sərcan Məmmədov İran İslam Respublikasında keçirilən karate-do üzrə beynəlxalq turnirin, Bakı şəhərində keçirilən 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin qalibi olub. Sərbəst güləşçilərdən Ramid Yaqubov və Azər Əliyev Azərbaycan Respublikası çempionu olublar. Badmintonçu qızlarımız ümumi komanda hesabında dörd dəfə Azərbaycan ali məktəblərinin “Universiadası”nın qalibi olub, iki dəfə isə mükafata layiq üçüncü yeri tutublar. Universitetin tələbəsi Parisa Rüstami isə İran İslam Respublikasında keçirilən badminton üzrə beynəlxalq turnirin qalibi olub.
Uzunoba gölü sahilində keçirilən çimərlik futbolu üzrə Naxçıvan Muxtar Respublika birinciliyi yarışlarında universitet komandası bütün rəqiblərinə qalib gələrək I yerə layiq görülüb. Sahil Parkında keçirilən stolustü tenis yarışlarında mükafata layiq bütün yerləri ali təhsil ocağının tələbələri tutublar.
Çempion tələbələr idmanın inkişafına göstərilən dövlət dəstəyinə görə minnətdarlıqlarını ifadə ediblər.
Sonda tələbələrə diplom və hədiyyələr təqdim edilib.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və
ictimaiyyətlə əlaqələr bölməsi