AMEA Naxçıvan Bölməsində böyük Azərbaycan alimi və mütəfəkkiri Məhəmməd Nəsirəddin Tusinin həyat və fəaliyyətinə həsr olunmuş elmi konfrans keçirilib.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev konfransı giriş sözü ilə açaraq Nəsirəddin Tusi yaradıcılığına nəzər salıb. Alim bildirib ki, elmin 20-dən artıq sahəsində olduqca zəngin və fundamental tədqiqatların müəllifi olan Məhəmməd Nəsirəddin Tusi 200-dən artıq elmi əsərin müəllifidir. Qeyd olunub ki, alimin tərtib etdiyi astronomik cədvəllər, yeni bir qitənin mövcudluğu ilə bağlı bildirdiyi proqnoz və 256 şəhərin coğrafi koordinatlarını verməsi xüsusi əhəmiyyətə malikdir. Böyük alimin tarix, hüquq, fəlsəfə, əxlaq normaları, tibb, riyaziyyat, astronomiya, fizika və digər sahələrdə ərsəyə gətirdiyi əsərlər əhatə etdiyi mövzular və tədqiqatların genişliyi ilə seçilir.

Bölmənin Təbii Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru Bayram Rzayev “Bəşəri düha Nəsirəddin Tusinin həyatı və fəaliyyətindən bəzi epizodlar” mövzusunda məruzəsində Nəsirəddin Tusinin həm alim, həm də ictimai xadim kimi fəaliyyətindən bəhs olunmuş, müasirlərinin alim haqqındakı bəzi fikirləri diqqətə çatdırılıb.
“Ordubad şəhərində yaşayan Tusi nəslinə aid epiqrafik məlumatlar” mövzusunda məruzə edən AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli orta əsr Azərbaycan mədəni mühitinin yetirməsi olmuş Nəsirəddin Tusinin nəsil şəcərəsi haqqında məlumat verib.
Konfransda bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru dosent Ramiz Qasımovun “Şair və ədəbiyyatşünas Nəsirəddin Tusi” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilən “Əxlaqi-Nasiri” əsəri ilə bağlı məlumat verib.
Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev Nəsirəddin Tusinin astronomik irsi haqqında məruzəsində qeyd edib ki, Tusinin XIII əsrdə astronomiya elmində əldə etdiyi elmi nəticələr həmin dövrdə astronomik bilikləri inkişaf etdirməklə yanaşı, bu elmin sonrakı inkişafında da çox mühüm rol oynayıb.
Konfransda Marağa rəsədxanası, orada istifadə olunmuş bəzi cihazlar və alimin elmə gətirdiyi yeniliklərdən ibarət slayd nümayiş etdirilib.

AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti