Türkiyə Böyük Millət Məclisinin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin koordinatorları Engin Vural və Sevilay Yıldırım Naxçıvan Muxtar Respublikasına səfər çərçivəsində “Naxçıvan” Universitetində də olublar.

Rektor, dosent Nurlana Əliyeva qonaqları salamlayıb, universitetin yaranması, fəaliyyəti və mütəxəssis hazırlığı barədə onlara məlumat verib. Qeyd edib ki, 1999-cu ildən fəaliyyətə başlayan “Naxçıvan” Universiteti Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağıdır. Universitetdə 4 fakültə, 10 kafedra, 6 şöbə fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı sayəsində müasir universitet şəhərciyinə malik bu ali təhsil ocağı hazırda dünyanın 50-dən artıq universiteti ilə əməkdaşlıq edir.
Qonaqlar ali təhsil ocağında yüksək qonaqpərvərliklə qarşılandıqlarına görə minnətdarlıqlarını bildiriblər.
Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin koordinatorları Türkiyə Təqaüd Proqramı haqqında məlumat verərək qeyd ediblər ki, bu, tələbə və tədqiqatçılara Türkiyənin ən tanınmış universitetlərində təqaüd təhsili və tədqiqat imkanı verən hərtərəfli və dövlət tərəfindən dəstəklənən rəqabətli bir təqaüd proqramıdır. Proqrama bakalavr, magistr, doktorantura və tədqiqat proqramları üzrə internet üzərindən 8 dildə müraciət ünvanlamaq mümkündür.
Sonra qonaqlar universitet şəhərciyi ilə tanış olublar.

Seyfur HACIMURADOV