“İnsan üçün ən qiymətli şey həyatdır. Həyat insana bir dəfə verilir, o həyatı elə yaşamalısan ki, səmərəsiz keçən günlər üçün sonra əzab çəkib heyifsilənməyəsən, keçən günlərin rəzaləti və alçaqlığı üçün utanmayasan. İnsan elə yaşamalıdır ki, ölərkən: mən bütün həyatımı, bütün qüvvəmi dünyada ən gözəl bir şeyə – bəşəriyyətin azadlığı uğrunda mübarizəyə sərf etdim deyə bilsin. Yaşamağa tələsmək lazımdır”. Nikolay Ostrovskinin “Polad necə bərkidi” romanından Pavel Korçaginin qardaşlıq qəbiristanlığında gəzərkən həyat haqqında dediyi bu qiymətli fikirlərlə yazıya başlayıram.

       Bu dövrlə tanışlığım Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”nda adıçəkilən romanı oxumaqla başladı. Sərəncamda Azərbaycan yazıçıları ilə yanaşı, dünya klassiklərinin əsərlərinin də adları var. Gənclərimizin gələcəkdə özlərini dərk etməsi, gələcək inkişafı üçün atılmış bu addım, təbii ki, mütaliəyə olan marağı artırıb. Nəticədə, gənc nəslin kitab mütaliəsinə həvəsində bir dəyişiklik hiss olunmaqdadır. Aparılan çoxsaylı sorğular nəticəsində müəyyən oldu ki, adları çəkilən dünya klassiklərinin kitabları içərisində ən çox oxunanlar Qurban Səidin “Əli və Nino” romanı, Cek Londonun “Həyat eşqi”, Gi de Mopassanın “Gombul”, Moris Meterlinkin “Arıların həyatı”, Nikolay   Ostrovskinin “Polad necə bərkidi” romanlarıdır. Xüsusi seçilən bu əsərlərin hər biri ayrılıqda bir məktəb, vətənpərvərlik ideyalarının carçısıdır.

        Ecazkarlığı və maraqlı həyat tərzi ilə seçilən obrazların vəhdətindən təşkil olunmuş həmin kitabların arasında yer alan “Polad necə bərkidi” romanı haqqında danışmaq yerinə düşər. Maraqlı həyat tarixçəsi olan Nikolay Ostrovskiyə məxsus romandan söz açmışkən birinci onun xüsusi seçilmiş adı ilə əsəri əlaqələndirək. Əsərdə təsvir olunan gəncin bütün həyat çətinlikləri ilə qarşılaşması, dörd dəfə ölümə qalib gəlməsi, qəhrəmanlıqları, yenilmədən mübarizə aparması, varlı kapitalist ağalarına boyun əyməməsi, hər dəfə yıxılarkən yenidən ayağa qalxmaq bacarığı, döyüşlərdə sona kimi mübarizə aparması onu polad kimi bərkitmiş, güc və iradə əxz etmişdir. Əsərdə adıçəkilən Pavka insanın düşdüyü çətinliklərdən qorxmadan, qarşılaşdığı çarəsizliklərə meydan oxuyan iradəli şəkildə sona qədər mübarizə ideyalarını təmsil edən bir obrazdır. Romanın qayəsi ideala sadiqlikdən və onun uğrunda mübarizədən bəhs edir. Adıçəkilən əsər 1930-1934-cü illərdə qələmə alınıb, avtobioqrafik əsərdir. Əsərin qəhrəmanı Pavel Korçagin, əslində, Ostrovskinin elə özüdür.

    Anasının sövdələşməsi ilə 12 yaşında olarkən balaca qəhrəman bufetdə ayda 8 manat, işlədiyi günlərdə yemək yeməsi şərtilə işə qəbul edilir. Hələ kiçik yaşlarından ocaqçı köməkçisi vəzifəsində çalışan, gücü çatmayan işləri görməyə məcbur olan Pavelin balaca əlləri ilə isti-soyuq demədən zəhmətə qatlaşması onun fərqli bir düşüncə ilə böyüməsinə vəsilə olur. İndi deyəcəksiniz ki, Pavel ocaqçının köməkçisi olub, nə ağır iş görüb? Əsərlə tanış olsanız, təbii ki, bu sualı verməyəcəksiniz. Romanda Pavelin çəkdiyi əzablar, istismarlar çox canlı təsvir edilib. Oxucu özünü həmin hadisələrin iştirakçısı kimi hiss edir.

    Əsərdə oxuyuruq: “Mən sutkada 13-15 saat işləyirdim. Məni döyürdülər. Məni pis işlədiyimə görə döymürdülər. Mən vicdanla işləyirdim. Ona görə döyürdülər ki, ağamın istədiyi qədər pul verə bilmirdim”.

   Təsvirdən də göründüyü kimi, Pavel acınacaqlı şərtlərə, zəhmətə qatlaşır. Zamanla müəyyən yaş çağına gələn Pavel ordu sıralarında mübarizə aparır, döyüşlərin birində isə ağır yaralanır. Bir gözünü itirir, 13 günlük huşsuzluqdan sonra Korçaginin huşu özünə gəlir. Bu haqda romanda yazılır. “Gənc vücud ölmək istəmirdi, qüvvəsi yenə də yavaş-yavaş özünə qayıdırdı. Bu onun ikinci dəfə doğuluşu demək idi. Hər şey yeni və qəribə görünürdü. Yalnız başı ağır bir halda hərəkətsiz olaraq kirəc qutu içərisində sıxılmışdı, onu tərpətmək mümkün deyildi”. Həyat eşqi, yaşamaq, ona çətinliklərin öhdəsindən gəlməyi öyrədir. Romanda iradəli, dözümlü gənc Pavka ilə yanaşı, dostcanlı, məğrur, namuslu bir Pavkanın da şahidi oluruq. Klimka, Seryoja, Juxray, Fyodor, Suxarko və qardaşı Artyom onun ən yaxın dostları olur. Heç bir vəchlə onları ələ vermir. Viktor Leşşinskinin ona xəyanəti nəticəsində tutulsa da, polkovnik Çernyakın dustaqları həbsdən azad etməsi ilə o da azadlığına qovuşur.

    Hadisələrin cərəyan etdiyi bir zamanda Korçagin qarın yatalağı və ağciyər iltihabından da əziyyət çəkir. Davamlı xəstəliklərə düçar olan Korçagin barəsində yazılır: “Bir neçə saatdan sonra onu bu halda tapdılar. Baraka gətirdilər. Pavka ağır-ağır nəfəs alır və adam tanımırdı. Zirehli qatardan çağırılmış feldşer xəstəliyi belə təyin etdi: “Ağciyər iltihabı və qarın yatalağıdır. Hərarəti 41.5. Donmuş bədəni və boynundakı şiş haqqında danışmağa dəyməz – əhəmiyyətsiz şeylərdir. Gəncin ömrünün sizə bağışlanması üçün iki əvvəlki xəstəlik kifayətdir”.

    Çox çətin olsa da, ordu sıralarından ayrılmalı olur. Ernest Heminquey kimi özünə qəsd etmək barədə düşündüyü zamanlar da olur. Ağır depressiyaya düşür. Xəstəxanada müalicə üçün yatdığı vaxtlarda bir tibb bacısı onun çox yaxşı nağıl etmək qabiliyyətinin olduğunu vurğulayır. Və yarızarafatla: “Xatirələrini kağıza yazmağa başla” deyəndən sonra Ostrovskidə kitab yazmaq həvəsi meydana gəlir. Təbii ki, yaxşı, düzgün yazılar üçün sürətli mütaliə gərək idi. O, yarımil ərzində özünü bu sahədə püxtələşdirir. Roman yazmağa başlayır. “Polad necə bərkidi” romanı belə həyat təcrübəsindən sonra meydana gəlir. İlk hissələrini özü yazsa da, sonralar gözü tutulduğu üçün bu yolda ona xanımı Raya köməklik edir. Onun diktə etdiyi hissələri qələmə alır, beləliklə, roman tamamlanır. Təxəyyülü və canlandırdığı öz obrazı birləşərək çox mükəmməl bir surət ortaya çıxır. Həyat dolu bir gəncin, ideya adamının alovlu mübarizəsi, sona qədər dayanıqlı duruşu əsərin əzəmətinin göstəricisidir.

    Pavel Korçagin elə bir mübarizlik simvolu olub ki, zaman keçsə də, onun vətənpərvərlik ideyaları bu günün də əsas nəbzidir. Elə bu səbəbdən idi ki, XX əsr yazıçılarının əsərlərində Pavka obrazına bir heyranlıq duyulmaqdadır. Naxçıvanlı şair, yazıçı, dramaturq, Əməkdar incəsənət xadimi İslam Səfərlinin “Göz həkimi” pyesində də bu barədə yazılıb: “Pavel Korçagin əgər geoloq İvanovu görsəydi “Polad necə bərkidi” romanını ikinci dəfə yazardı”.

    P.S. Əsərdən də gördüklərimiz, öyrəndiklərimiz odur ki, həyatın mənası mübarizə aparmaqdadır. Bu hər bir insanın öz əlindədir. Həyatın mənası çox şeydən asılıdır. Əgər insan zəhmətə qatlaşaraq çətin şərtlərlə yaşayırsa, bu onun ideyalarını, arzularını gerçəkləşdirməməyə əsas verə bilməz. Hazır­da oxumaq, yazıb-yaratmaq, mütaliə etmək, həyatdakı arzularına çatmaq yaşamağın ən gözəl vasitələridir. Romanda da bu barədə oxuyuruq: Pavka şəraitsizliklərə baxmayaraq, mütaliəyə böyük həvəs göstərir. Əsərdə Amerika yazıçısı Cek Londonun “Dəmir pəncə”, italyan yazıçısı Rafaello Covanyolinin “Spartak”, Etel Lilian Voyniçin “Ovod” romanlarının adı çəkilir. Bu da əsəri qələmə alanın nə qədər dünyagörüşlü olduğunu, əsərin isə dərin və düşündürücü məzmununu ortaya qoyur. Müəllif vətəni, ailəsi, xalqı, bir sözlə, bəşəriyyətin azadlığı uğrunda gedən mübarizələrdə qəhrəman Pavkanı nümunəvi vətəndaş, ölkənin taleyini düşünən bir obraz kimi canlandırır.

Türkan HÜSEYNLİ