STEAM təlimlərini uğurla başa vuran müəllimlərə sertifikatların, 2019-2020-ci tədris ilində keçirilən respublika fənn olimpiadasının qaliblərinə isə medal və diplomların təqdim olunması ilə bağlı tədbir keçirilib.

Təhsil naziri Rəhman Məmmədov bildirib ki, 2020-2021-ci tədris ilindən etibarən muxtar respublikada STEAM təhsil metodunun tətbiqinə başlanılıb. Hazırda Şərur rayon Qarabürc, Şəhriyar kənd tam orta məktəblərində və Culfa Rayon Texniki Yaradıcılıq Mərkəzinin nəzdində STEAM kabinələri yaradılıb, həmin kabinələr elektron lövhə, kompüter, 3D printer, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları ilə təmin olunub. Görülən işlərin davamı olaraq STEAM metodları ilə bağlı xarici ədəbiyyatlar Azərbaycan dilinə tərcümə olunub, müvafiq tədris proqramları və müəllimlər üçün metodik vəsaitlər hazırlanıb. STEAM dərslərini tədris etmək bacarığı formalaşdırmaq məqsədilə 30 müəllim 1 aylıq STEAM təlimlərinə cəlb olunub. Təlimlər zamanı STEAM metodologiyaları, Robotexnika, 3D CAD Modelləşdirmə və Çap, Proqramlaşdırma, mikrobit və arduino texnologiyaları, mühəndislik modulları müəllimlərə öyrədilib. Nazir qeyd edib ki, bu yaxınlarda Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən start veriləcək onlayn STEAM təlimlərinə muxtar respublika ümumtəhsil məktəblərinin 150 müəllimi də cəlb olunacaqdır. Bu da muxtar respublikada STEAM dərslərinin yüksək səviyyədə tədrisinə geniş imkanlar açacaqdır.
Rəhman Məmmədov muxtar respublikada istedadlı şagirdlərlə aparılan iş sahəsində də mühüm tədbirlərin həyata keçirilməsindən danışıb. Bildirilib ki, göstərilən dövlət qayğısından və yaradılan şəraitdən səmərəli bəhrələnməyin nəticəsidir ki, 2019-2020-ci tədris ilində də fənn olimpiadaları maraqlı yanaşmalar, fərqli nəticələr və yüksək fəallıqla yadda qalıb. Belə ki, muxtar respublika məktəblilərinin Respublika fənn olimpiadasında 4-ü “Qızıl”, 7-si “Gümüş”, 13-ü isə “Bürünc” olmaqla, 24 medal qazanıb. Olimpiada qalibləri olan XI sinif şagirdlərindən 15 nəfər qəbul imtahanlarında 500-700 arası bal toplayaraq Azərbaycanın ən nüfuzlu ali məktəblərinə qəbul olublar.
Təhsil naziri STEAM təlimlərini uğurla başa vuraraq sertifikat alan müəllimləri və respublika fənn olimpiadalarının qaliblərini təbrik edib, muxtar respublikada təhsilin inkişafına göstərdiyi qayğıya görə təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Digər çıxışlardan sonra təlimləri başa vuran müəllimlərə sertifikatlar, olimpiada qaliblərinə isə medal və diplomlar təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti