AMEA Naxçıvan Bölməsində “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü” mövzusunda elmi konfrans keçirilib.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev konfransı giriş sözü ilə açaraq bu əlamətdar günün tarixinə nəzər salıb. Bildirib ki, həmrəyliyimizin əsasını təşkil edən Azərbaycançılıq ideyasının bünövrəsi hələ ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə qoyulmuşdur. Bu ideya məhz Azərbaycan xalqının birliyinə, həmrəyliyinə hesablanmış addım idi. İllər ərzində bu amala yönəlmiş məqsədyönlü addımlar artıq öz bəhrəsini vermişdir. Həmin uğurlu siyasətin ən bariz nümunəsi Vətən müharibəsi zamanı xalqımızın nümayiş etdirdiyi birlik oldu. Birliyimiz sübut etdi ki, Azərbaycan xalqı güclüdür, həmrəydir, istənilən çətinliyin öhdəsindən gəlməyə qadirdir.
Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov həmin mövzuda məruzə edib. Məruzəçi 1989-cu ildə Naxçıvanda baş verən sərhəd hərəkatından, onun nəticələrindən, ulu öndərin bu hərəkata siyasi qiymət verməsi və Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis olunmasından ətraflı bəhs edib.
Sonda məruzə ətrafında müzakirələr aparılıb.

AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti