Naxçıvan Dövlət Universitetində “Kitabi-Dədə Qorqudun 1320 illik yubileyi ilə əlaqədar kitab müzakirəsi keçirilib.
Müzakirəni giriş sözü ilə açan Elmi Kitabxananın direktoru Fariz Əhmədov qeyd edib ki, “Kitabi-Dədə Qorqud” Azərbaycanın ana kitabı, ümumtürk mədəniyyət abidəsi, dünya mədəniyyət xəzinəsinin nadir incilərindəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamına əsasən oxunması tövsiyə edilən ən qiymətli əsərlərdəndir.

Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti İman Cəfərov çıxışında ulu öndər Heydər Əliyevin 1997-ci il aprelin 20-də “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi haqqında imzaladığı Fərmanın, ölkə başçısı cənab İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” 2015-ci il 20 fevral tarixli Sərəncamının tarixi-mədəni irsimizin yaşadılması və təbliği baxımından əhəmiyyətindən danışıb.
Müzakirədə, həmçinin diqqətə çatdırılıb ki, 1999-cu ildə Naxçıvan şəhərində Dədə Qorqud parkının yaradılması, Dədə Qorqudun heykəlinin ucaldılması, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 25 iyul tarixdə imzaladığı Sərəncamla “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin diyarımızda da geniş qeyd edilməsi və dastanın oxunması zəruri ədəbiyyat kimi tövsiyə olunması milli-mənəvi irsə verilən yüksək qiymətin təzahürüdür.

Elmir Tağıyev
Naxçıvan Dövlət Universitetinin
Jurnalistika ixtisası üzrə II kurs tələbəsi