Naxçıvan Dövlət Universitetinin Memarlıq, Geodeziya və xəritəçəkmə mühəndisliyi ixtisaslarında təhsil alan tələbələr üçün Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin bazasında noyabrın 16-dan təşkil olunan istehsalat təcrübəsi başa çatıb.

Təcrübənin yekununa dair tədbirdə çıxış edən xidmətin rəisi Müslüm Cabbarzadə əmək bazarının tələblərinə uyğun kadr hazırlığının həyata keçirilməsində, tələbələrin bacarıqlı mütəxəssis kimi formalaşmasında istehsalat təcrübələrinin əhəmiyyətindən, muxtar respublikamızda bu cür təcrübələrin təşkili üçün yaradılan şəraitdən danışıb.
Sonra müvafiq təcrübə rəhbərlərinin istehsalat təcrübəsinin təşkili və gedişi ilə bağlı fikirləri, tələbələrin təəssüratları dinlənilib.
Qeyd edək ki, istehsalat təcrübəsi zamanı tələbələrə xidmətin fəaliyyəti ilə bağlı geniş məlumat verilib, peşəkar mütəxəssislər tərəfindən daşınmaz əmlak obyektlərinin və torpaq sahələrinin ölçülməsi, sxematik planların və tikinti layihələrinin, daşınmaz əmlak obyektlərinə dair texniki sənədlərin hazırlanması ilə bağlı praktik məsələlərin həlli öyrədilib. Təcrübəçi tələbələrin yüksək dəqiqlikli geodeziya alətləri vasitəsilə planaalma işlərinin aparılması, çöl ölçmələri nəticəsində əldə edilmiş məlumatların köçürülməsi və emalı, plan və xəritələrin hazırlanması prosesində iştirakı təmin edilib.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidməti