Naxçıvan şəhər ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların еlmi pоtеnsiаlının аrtırılmаsı, tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları” layihəsi davam etdirilir.
2020-ci ilin noyabr ayından yenidən başlanan layihə artıq ilk uğurlarını qazanıb. AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun əməkdaşı, kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədovanın rəhbərliyi ilə iki layihə beynəlxalq müsabiqədə yer tutub.

Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Bəxtiyar İsmayılov və X sinif şagirdi Nurgün Allahverdiyevanın kimya fənni üzrə “Yeraltı sular təbiətin möcüzəsidir” mövzusunda hazırladıqları layihə “Rusiya pedaqoqları” Ümumrusiya təhsil portalı tərəfindən keçirilən “Uşaq və gənclərin yaradıcılıq və intellekt” Beynəlxalq müsabiqəsində “Tədqiqatlar və elmi işlər” nominasiyası üzrə I yerə layiq görülüb.
Eyniadlı müsabiqədə iştirak edən Naxçıvan Qızlar Liseyinin X sinif şagirdi Nuray Məmmədova və Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin IX sinif şagirdi Zahidə Allahverdiyevanın “Naxçıvan Muxtar Respublikası ərazisindəki bəzi mineral suların Kurlov formulunun təyini” mövzusunda hazırladıqları layihə də I yerə layiq görülüb. Hər iki komandanın üzvləri diplomla təltif ediliblər.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti