Dünən Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə metodik vəsait və dərsliklərin məktəbə təqdim olunması, eyni zamanda məktəbdə təhsil alan şagirdlərə Yeni il sovqatının verilməsi ilə bağlı tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova çıxış edərək muxtar respublikada uşaqlara göstərilən hərtərəfli diqqət və qayğıdan danışıb. Bildirilib ki, uşaqların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarının təmin edilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilir. Həmçinin sosial qayğıya ehtiyacı olan uşaqların ehtiyaclarının hərtərəfli təminatı, reabilitasiyası, onların yüksək mənəvi mühitdə, milli dəyərlər əsasında tərbiyəsi, təhsil alaraq layiqli şəxsiyyət kimi yetişməsi ilə yanaşı, onların fiziki cəhətdən sağlam böyüməsi də diqqətdə saxlanılır.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən məktəbə 65 metodik vəsait, 233 dərslik alınmışdır.
Sonda məktəbdə təhsil alan şagirdlərə bayram sovqatı verilib.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti