Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə “Elektron kitabxanaların təşkili və formalaşması problemləri” adlı onlayn respublika elmi konfransı keçirilib. Konfransı giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev qeyd edib ki, elektron kitabxanalarda informasiya texnologiyalarının tətbiq edilməsi istifadəçilərə dünya informasiya məkanına daxil olmaq baxımından daha geniş imkanlar yaradır. Rektor kitabxana fəaliyyətinin təkmilləşdirilməsi və yeni texnologiyaların tətbiqinin təmin edilməsi istiqamətində aparılan dövlət siyasətindən bəhs edib.

Bakı Dövlət Universitetinin Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov dünyada tanınan ən böyük milli kitabxanalardan biri olan M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının yaranma tarixindən və inkişaf yolundan danışaraq kitabxananın biblioqrafik verilənlər bazaları haqqında məlumat verib.
UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva çıxışında vurğulayıb ki, 2019-cu ildə Əsaslı kitabxananın bazasında yaradılan bu mərkəz Azərbaycanın dövlət siyasətini rəhbər tutaraq fondunu müxtəlif kitabxana-informasiya resursları ilə formalaşdırır, mühafizəsini və ondan istifadəni təmin edir.
Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasının direktoru Fariz Əhmədov çıxışında bildirib ki, 1968-ci il aprel ayının 23-dən fəaliyyət göstərən universitet Elmi Kitabxanası 2013-cü il iyulun 9-dan elektron kitabxana kimi fəaliyyətə başlayıb. Diqqətə çatdırılıb ki, kitabxanaya üzv olan hər bir oxucu elektron kataloq vasitəsilə kitabxanaya gəlmədən Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. emaili vasitəsilə kitabxananın xidmətindən istifadə edə bilər.
Konfransın plenar iclasında AMEA Naxçıvan Bölməsi Elmi Kitabxanasının direktoru Sahab Əliyeva, Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının direktoru Nigar İsmayılova “Naxçıvan” Universiteti Elmi Kitabxanasının müdiri Zamin Babazadə çıxış ediblər.
Konfrans öz işini bölmə iclası ilə davam etdirib.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və
ictimaiyyətlə əlaqələr bölməsi