Naxçıvan Dövlət Universitetində Hüquq fənləri kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Şükür Məmmədovun “Dövlət və hüquqi təlimlər” adlı dərs vəsaitinin təqdimatı keçirilib.
Təqdimatı giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev yeni nəşrin əhəmiyyətindən danışaraq qeyd edib ki, “Dövlət və hüquqi təlimlər” həm də tədris fənni və elm sahəsi olub nəzəri və tarixi təmayüllüdür, hüquq nəzəriyyəsi, hüquq və dövlət tarixi kimi elmlərlə əlaqəlidir. Böyük tədqiqat işi və tarixi faktlarla zəngin bir mövzunu əhatə etdiyinə görə rektor müəllifi təbrik edib və gələcək elmi fəaliyyətində uğurlar arzulayıb.

Fakültənin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Yusif Hüseynov, Hüquq fənləri kafedrasının müəllimi Əziz Qasımov çıxış edərək bildiriblər ki, ali məktəb tələbələri və magistrləri üçün nəzərdə tutulan dərs vəsaitində qədim dövrlərdən başlayaraq zəmanəmizə qədər dünyanın müxtəlif regionlarında meydana çıxan dövlət və hüquqi təlimlər nəzərdən keçirilir. Kitab həm də dövlətçilik, idarəçilik və hüququn tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün də nəzərdə tutulub.
“Universitetin son illərdə qazandığı nailiyyətlər təhsilimizə göstərilən yüksək diqqət və qayğının bəhrəsidir”, – deyən müəllif universitet mühitində yaradıcı insanların elmi-pedaqoji fəaliyyəti üçün göstərilən dövlət dəstəyinə görə minnətdarlığını bildirib.

Səadət ƏLİYEVA