Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinə hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələrin istehsalat təcrübəsində bilik və bacarıqlarının artırılması istiqamətində keçirilən tədbirdə Xidmətin əməkdaşı İsmayıl Bağırov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı kadr potensialının formalaşması, yüksək intellektli mütəxəssislərin hazırlanması baxımından böyük əhəmiyyət kəsb edir. 15 aprel 2019-cu il tarixdə “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” keçirilən müşavirədə Ali Məclisin Sədri aid təşkilatlara tapşırıqlar verilib.

 

Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Əşrəf Ələkbərov keçirilən istehsalat təcrübəsinin əhəmiyyəti ilə bağlı qeyd edib ki, tələbələrin əldə etdikləri nəzəri biliklərin praktika ilə uyğunlaşdırılması öz səmərəsini verməkdədir.

Xidmətin əməkdaşı Rəsul Ələkbərov hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında geniş məlumat verərək nəzərə çatdırıb ki, Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Həmçinin, keçirilən təcrübə dərslərində tələbələrə Dövlət Vergi Xidmətinin iş prinsipi, verginin muxtar respublika iqtisadiyyatındakı rolu, vergi dərəcələri, vergi nəzarəti tədbirləri və s.  haqqında geniş məlumlar verilir. Tələbələr Xidmətin müvafiq şöbələrinin və bölmələrinin fəaliyyət istiqamətləri tanış edilməklə, həm praktiki biliklərini artırır, həm də  vergi ödəyicilərinə və vətəndaşlara onlayn şəkildə göstərilən elektron xidmətlərlərin üstünlüklərini öyrənirlər.

Təcrübə dərslərinin keçirilməsi tələbələrin  gələcəkdə ixtisaslı kadr kimi formalaşmasında xüsusi rol oynayır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti