Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində Naxçıvan Dövlət Universitetinin xidmətin hamiliyinə verilmiş Torpaqşünaslıq və aqrokimya ixtisasının tələbələri ilə növbəti görüş keçirilib. Tədbiri giriş sözü ilə xidmətin rəisi Müslüm Cabbarzadə açaraq ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə müəyyənləşdirilmiş vəzifələrin icrası istiqamətində görülmüş işlərdən danışıb. O, hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrin bacarıqlı mütəxəssis kimi formalaşması, yaradıcı düşüncənin inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra tələbələrə innovativ ideyalar əsasında yeni layihələrin işlənməsi ilə bağlı məşğələ keçilib, onları maraqlandıran suallar cavablandırılıb.
Tələbələr xidmətdə iş prosesi, elektron informasiya sistemləri, xəritəçəkmə işləri ilə tanış olub, müasir geodeziya-ölçü avadanlıqlarına baxış keçirilib.

* * *

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin hamiliyinə verilmiş Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin Turizm və otelçilik ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin istehsalat təcrübəsi davam edir. Tələbələr “Saat Meydanı” otelinin fəaliyyəti ilə yaxından tanış olublar.

“Saat Meydanı” otelinin Qəbul-qeydiyyat şöbəsinin müdiri Sadiq Məmmədov çıxışında çalışdığı otelin ümumi fəaliyyəti, xidmət bölmələri arasında münasibətlərin koor­dinasiyası, turist məmnunluğunu təmin etmək üçün həyata keçirilən tədbirlər, xidmət üslubunun tətbiqi sahəsində görülən işlər haqqında söhbət açıb.
Sonra otelin qəbul-qeydiyyat və restoran bölmələrinin fəaliyyəti haqqında danışılıb, suallar cavablandırılıb.

Xəbərlər şöbəsi