Naxçıvan Dövlət Universitetində ABŞ-da yaşayan DOCOFIT şirkətinin qurucusu Rahib Heydərov “Pandemiya dövründə onlayn telemedicine” mövzusunda vebinar təlim keçib.

Təlimdə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin, professor-müəllim heyəti, rezident və tələbələri, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşları iştirak ediblər. Vebinarı giriş sözü ilə açan Naxçıvan Dövlət Universiteti Elmi tədqiqatların əlaqələndirilməsi bölməsinin müdiri Rza Məmmədov bildirib ki, pandemiya səbəbi ilə bütün ölkələrdə insanların sağlamlıqları ilə əlaqədar xəstəxanalara getməsi və müayinə olunmasının riskli olduğu bir dövrdə “telemedicine”çox mühüm rol oynayır. Bununla bağlı olaraq Naxçıvan Muxtar Respublikasında tibb sahəsində informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunması üçün quruculuq işləri aparılıb və dünya standartlarına cavab verəcək şəkildə formalaşdırılıb.

DOCOFIT şirkətinin qurucusu Rahib Heydərov “Telemedicine və PEMAR (şəxsi elektron tibb sistemi) haqqında geniş məlumat verib. Hər hansı bir xəstəlik səbəbindən həkim yanına gedən şəxsin həmin andan etibarən şəxsi tibbi qeyd sistemi yaradıldığını və burada xəstəliklərin nəzarəti və izlənməsinin vacib olduğunu bildirib. Təlim iştirakçılarının diqqətinə çatdırılıb ki, müasir dövrdə “telemedicine”dən geniş istifadə olunur. İnsanlar karantin dövründə evdə oturub həkimlə “telemedicine” vasitəsilə əlaqə yarada və bununla da qarşı tərəfdəki həkim kilometrlərlə uzaqda olan xəstəsinin sənədlərini əldə edə bilir. Bu vasitə ilə həkim həm xəstə ilə onlayn ünsiyyətdə ola, həm də xəstənin analizləri, radioloji testləri, rentgenləri haqqında məlumatı birbaşa əldə edə bilir.
Sonda mövzu ilə bağlı suallar cavablandırılıb .

Telli Mustafayeva