Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı yüksəkixtisaslı kadr hazırlığı ilə yanaşı, innovasiyaların yaradılması istiqamətində yeni vəzifələrin müəyyənləşdirilməsində də əsas rol oynamaqdadır. Sərəncam təhsilin inkişafında yeni mərhələnin əsasını qoymuş, təhsil müəssisələrində yaradıcı düşüncənin və inkişafa xidmət edən layihələrin hazırlanmasına və tətbiqinə geniş imkanlar açmışdır.

Muxtar respublikada müasir təhsilin tələblərinə cavab verən çoxsaylı layihələr – innovativ təhsil üsullarının tətbiqi istiqamətində “İnnovativ dərnəklər”, “Sabahın tədqiqatçıları”, “Sabahın müəllimi”, “İnteraktiv dərs”, “Nümunəvi dərs”, “Həftəsonu”, “Distant təhsil” layihələri tətbiq edilir. 2020-2021-ci tədris ilindən etibarən isə verilmiş tapşırığa əsasən muxtar respublikanın ümumtəhsil məktəblərində yeni təlim metodunun tətbiqinə başlanılıb. Bu, dünya təhsil sistemində aktuallıq qazanan STEAM təhsil metodudur. Muxtar respublikanın 13 məktəbində pilot olaraq tətbiq ediləcək STEAM layihəsinin həyata keçirilməsində məqsəd müasir çağırışlara cavab verən yeni təlim metodunun muxtar respublikamızda da tətbiqi imkanlarının öyrənilməsi və tədris edilməsidir. Artıq qısa müddət ərzində Şərur rayon Qarabürc kənd tam orta məktəbində STEAM kabinəsi, Culfa rayon Texniki Yaradıcılıq Mərkəzinin nəzdində Robotexnika və STEAM dərnəyi yaradılaraq istifadəyə verilmişdir.
Şagirdlərə beş sahənin – elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulan STEAM təhsili praktik və tətbiqi dərslərdən ibarətdir. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə öyrədir. Bu yanaşma şagirdlərə mühəndislik səriştələri öyrədərək, onlara real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayır. STEAM fənləri şagirdləri hansı peşə seçmələrindən asılı olmayaraq, həyata hazırlayır. Bu təlim metodunda şagirdlərə robotexnika, 3D modelləşdirmə və çap, proqramlaşdırma, nano və neyro texnologiyalar, mühəndislik və dizaynerlik bacarıqları öyrədilir. Məlumatlar vizual və audioüsulla yanaşı, həm də toxunma və tətbiqetmə formasında mənimsədilir ki, bu da şagirdlərin ixtisas və peşə seçiminə müsbət təsir göstərir.
STEAM təlim metodu təhsilə yeni ideyalar gətirməklə yanaşı, şagirdlərə mühəndislik səriştələri öyrədərək, onların real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayır. İnnovativ inkişafın açarı olan STEAM təlim metodu pilot olaraq tətbiqi nəzərdə tutulan ümumtəhsil məktəbləri üzrə VI və VII sinif şagirdləri üçün tədris olunacaq. Layihənin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən tədris vəsaitləri və illik tədris proqramı nəşr olunub.

Bu gün muxtar respublikada innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənlərin formalaşdırılması da vacib hədəflərdən biridir. Buna görə də muxtar respublika ümumtəhsil məktəblərində STEAM-i tədris edəcək müəllimlər təlimə cəlb olunub. Təlimlərdə muxtar respublikanın 28 məktəbindən 30 müəllim iştirak edir. Hazırda həftədə 2 dəfə olmaqla, ixtisaslı kadrlar tərəfindən təlimlərin keçirilməsi davam edir. Təlimlər zamanı müəllimlərə STEAM metodologiyaları, Robotexnika, 3D CAD Modelləşdirmə və Çap, Proqramlaşdırma, mikrobit və arduino texnologiyaları, mühəndislik modulları ilə yanaşı nəzərdə tutulan proqram əsasında STEAM tədrisi üçün istifadə olunan www.tinkercad.com səhifəsindən onlayn istifadə bacarıqları da mənimsədilir. Müəllimlər www.tinkercad.com səhifəsində müəllim və şagird qeydiyyatının aparılması, müxtəlif obyektlərin informasiya modellərinin yaradılması və 3D çap modulundan istifadə qaydaları haqqında geniş məlumatlar əldə edirlər. Keçirilən təlimlər nəticəsində müəllimlər STEAM düşüncəsi və metodikası, XXI əsr bacarıqları, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları və digər istiqamətlərdə məlumatlar əldə edəcəklər. Qeyd edək ki, növbəti təlimlərdə proqram əsasında müəllimlərə mikrobit vasitəsilə kodlama, müxtəlif mühəndis-dizayn həllərinin prototipləşdirilməsi və digər istiqamətlərdə praktik biliklər veriləcək və təlimi uğurla başa vuran müəllimlər Təhsil Nazirliyi tərəfindən STEAM dərslərini aparmağa icazə hüququ verən sertifikatla təmin ediləcəkdir. Gələcəkdə də beynəlxalq təlimçilərin muxtar respublikaya dəvət olunması, həmçinin muxtar respublikada fərqlənən müəllimlərin beynəlxalq təlimlərə cəlb edilməsi istiqamətində işlər görüləcəkdir.
İnanırıq ki, istedadlı uşaqların aşkarlanması və düzgün istiqamətdə yetişdirilməsində mühüm rol oynayan STEAM-in muxtar respublikamızda tətbiqi şagirdlərin XXI əsrin çağırışlarına uyğun formalaşmasına xüsusi töhfələr verəcəkdir.

Ülviyyə HACIYEVA