Naxçıvan Tibb Kollecində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında yol hərəkəti qaydalarının təbliği ilə bağlı “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
Ali və orta ixtisas təhsili müəssisələrinin hər birindən bir komandanın iştirak etdiyi oyun 2 turdan ibarət olmaqla, hər turda 12 sual səsləndirilib. Suallar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müəyyənləşmiş yol hərəkəti qaydaları, həmçinin bu qaydalarla bağlı mövcud olan tarixi faktlar əsasında hazırlanıb.

Sonda daha çox suala düzgün cavab verən Naxçıvan Dövlət Universitetinin “Qarabağ” komandası I, Naxçıvan Dövlət Texniki Kollecinin “Mübarizlər” komandası II, Naxçıvan Müəllimlər İnstitutunun “Mübariz” komandası isə III yerlərə çıxıb.
Qalib komandalara təşkilatçılar tərəfindən kubok, diplom və fəxri fərmanlar təqdim edilib.
Tədbir Gənclər və İdman, Daxili İşlər nazirliklərinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənc­lərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti