Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı hami təşkilatlar ilə təhsil müəssisələri arasında uğurlu əməkdaşlığa nail olunmasına, bununla da muxtar respublikada mütəşəkkil kadr hazırlığına öz bəhrəsini verməkdədir.

Müvafiq sərəncama uyğun olaraq noyabrın 16-dan etibarən Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi ixtisasının IV kurs tələbələri Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin aid təşkilatlarında təcrübə keçirlər. Təcrübə zamanı tələbələr üçün məlumatverici stendlər və digər əyani vəsaitlərlə təchiz olunmuş sinif otağı hazırlanıb, burada ictimai nəqliyyat vasitələri sürücülərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması, eləcə də avtobuslar üçün dayanacaq məntəqələri və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair tələblər diqqətə çatdırılıb. Təcrübə iştirakçıları şəhərdaxili nəqliyyatda əhaliyə xidmətin hansı üsullarla göstərilməsi, marşrut qrafiklərinin nizamlanması və dispetçer xidmətinin təşkili ilə bağlı geniş informasiya əldə ediblər.
Təcrübə müddətində tələbələr “Taksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti ilə də yaxından tanış olublar. Burada sifarişin dəyərinin hesablanması, sifarişlərin sürücülər arasında paylanmasının təşkili, eləcə də elektron taksi xidməti funksiyasını icra edən proqram haqqında tələbələrə ətraflı məlumatlar verilib. Avtobus parkının təmir sexlərində isə sərnişindaşımada işləyən avtobusların təhlükəsiz və rahat idarə olunması üçün gündəlik texniki baxışın keçirilməsi, avtomobillərdə yarana biləcək texniki nasazlığın aradan qaldırılması yolları əyani şəkildə göstərilib. Naxçıvan şəhərindəki Avtovağzal Kompleksində olan tələbələrə avtobusların avtovağzal üzrə hərəkət cədvəllərinə riayət edilməsi, hər bir avtobusun sərnişin tutumundan səmərəli istifadə olunması, hərəkətin tənzimlənməsi, sərnişinlərdə biletlərin olmasına, gedişə və baqajın daşınmasına görə ödənişin düzgünlüyünə nəzarətin həyata keçirilməsi haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, istehsalat təcrübəsi dekabrın 30-dək davam edəcək və qarşıdakı müddətdə də tələbələrin aidiyyəti üzrə praktik fəaliyyətə yiyələnmələri təmin olunacaq.

- Nail ƏSGƏROV