Naxçıvan Dövlət Universitetinin Baytarlıq Təbabəti ixtisasında təhsil alan tələbələr Süni Mayalanma Mərkəzində olublar. Onlar burada heyvanların yemlənməsi, suvarılması, təmizlənməsi ilə bağlı işlərlə tanış ediliblər. Baytarlıq klinikasında olan tələbələr heyvanların müayinəsini, onlara qulluq prosesini izləyiblər.

Mərkəzin işçisi qeyd edib ki, damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılmasında ən mütərəqqi zoobaytar tədbirlərdən biri də süni mayalanma üsuludur. Ona görə də muxtar respublikada 15 ilə yaxın bir dövrdə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması diqqətdə saxlanılıb, süni mayalanma tədbirləri həyata keçirilib. Törədici toxumların və digər avadanlıqların idxal olunmasına baxmayaraq, ötən dövrdə muxtar respublikamızda 83 min başa yaxın mal və camışlarda süni mayalanma aparılıb, 60 minə yaxın cins buzov alınıb. Buna görədir ki, artıq mal-qaranın cins tərkibində ciddi dəyişiklik vardır. Vurğulanıb ki, həm elmi-tədqiqat, həm də tədris-təlim mərkəzi rolunu oynayan mərkəz muxtar respublikada heyvandarlığın inkişafında yeni mərhələnin əsasını qoyacaqdır.
Qeyd edək ki, 2020-ci il fevral ayının 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Naxçıvan Dövlət Universitetində Baytarlıq təbabəti ixtisası üzrə təhsil alan tələbələrin təhsil haqlarından azad edilməsi həmin sahəyə göstərilən dövlət qayğısının bariz ifadəsidir. Tələbələrin gələcəkdə Dövlət Baytarlıq Xidmətində işlə təmin olunması ixtisaslı kadr hazırlığına mühüm töhfə verməklə yanaşı, yeni Süni Mayalanma Mərkəzinin yaradılması da onlara təcrübi dərslərin keçilməsində mühüm baza rolunu oynayır.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Səadət ƏLİYEVA