Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər və hüquq fakültəsində tədbir keçirilib. 3 dekabr Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbiri giriş sözüylə açan universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Yusif Hüseynov qeyd edib ki, Beynəlxalq Əlillər Günü bütün dünyada hər il dekabrın 3-də qeyd edilir və bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Onun hədəfi ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir. Bildirilib ki, 2006-cı ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulan Azərbaycanda əlil hüquqlarının qorunması, onların sağlamlıqlarının bərpası, sosial rifahının yaxşılaşdırılması, mənzillə təminatı, peşə ixtisasına yiyələnməsi, bir sözlə, tam hüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması üçün tədbirlər görülür.

Fəlsəfə və sosial iş kafedrasının müəllimi Firuzə Quliyeva “Əlillərlə sosial işin təşkili” adlı çıxışında vurğulayıb ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 avqust 2018-ci il tarixli Sərəncamı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət və qayğısının növbəti təzahürüdür. Prezidentin müharibə əlilləri və şəhid ailələrinə xüsusi qayğısı bu kateqoriyalardan olan vətəndaşların mənzillə təminatı proqramının da ildən-ilə güclənməsinə imkan verib. Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında 28 yanvar 2019-cu il Sərəncamı əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin davam etdirilməsi məqsədi daşıyır.

Sonda əlilliklə bağlı maarifləndirici slayd təqdim edilib.

Səadət Əliyeva NDU-nun Televiziya,

mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri