Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələri üçün hamiliklə bağlı “Milliyətimizi, dini inancımızı və müasirliyimizi təcəssüm etdirən dövlət bayrağımız” mövzusunda açıq dərs keçilib.
Dərsi giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva əvvəlcə Azərbaycan Ordusunun zəfər yürüşünün parlaq qələbə ilə nəticələnməsi münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Qeyd edilib ki, mənəviyyatımızın, azad və müstəqil milli düşüncəmizin ən şanlı təcəssümü olan Azərbaycan bayrağı 1990-cı il noyabrın 17-də xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb.

Çıxışda vurğulanıb ki, qürurunu yaşadığımız və bir zamanlar ilk dəfə Naxçıvanda dalğalanan bu bayraq bu gün artıq mədəniyyətimizin beşiyi olan qədim Şuşamızda da əzəmətlə dalğalanır.
Açıq dərsdə Dövlət Bayrağı Muzeyinin direktoru Rəmzi Hüseynovun “Milliyətimizi, dini inancımızı və müasirliyimizi təcəssüm etdirən dövlət bayrağımız” mövzusunda çıxışı dinlənilib.
Dərs zamanı suallar cavablandırılıb, tələbələr Dövlət Bayrağı Muzeyinin ekspozisiyası ilə tanış olublar.

* * *

Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə“Azərbaycan rəssamları” mövzusunda mühazirə keçilib.
Tədbirdə Naxçıvan Musiqi Kollecinin nazirliyin hamiliyinə verilmiş tələbələri iştirak edib. Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli çıxış edərək bildirib ki, təsviri sənətin ən qədim növlərindən biri olan rəssamlıq sənəti insan ruhunu oxşayan, insanın mənəvi aləmindəki daxili duyğularını ifadə edən sənət növüdür. Rəssamlıq sənətinin Azərbaycanda ən qədim nümunələri arasında eramızdan əvvəl VII-V əsrlərdən qalmış “Qobustan” qayaüstü təsvirləri, Kəlbəcər rayonunun “Ayçınqılı və Pəriçınqıl” dağlarındakı Tunc dövrünün başlanğıcına aid rəsmlər müstəsna əhəmiyyətə malikdir.
Qeyd edilib ki, bu gün Azərbaycanda, o cümlədən muxtar republikamızda rəssamlıq sənətinə, rəssamlara yüksək diqqət və qayğı göstərilir.
Sonda “Azərbaycan rəssamları” adlı film nümayiş olunub.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət
Nazirliyinin mətbuat xidməti