Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı və Naxçıvan Dövlət Texniki Kollecinin tələbələrinin iştirakı ilə “Naxçıvanda ordu quruculuğu” mövzusunda onlayn açıq dərs keçilib.

Açıq dərsi giriş sözü ilə mərkəzin elmi katibi Nihad Tarverdiyev açaraq şanlı Azərbaycan Ordusunun müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə böyük rəşadət və qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı düşməndən azad etməsindən danışıb. Vurğulanıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Ordusunun maddi-texniki bazası genişlənir, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşır, mənəvi-psixoloji hazırlığı və döyüş ruhu daha da yüksəlir. Ordumuzun bu gücə qovuşmasında xalq-ordu birliyinin mühüm rolu var.
Diqqətə çatdırılıb ki, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir, əsgəri-məişət-yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı əhəmiyyətli dərəcədə artırılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun yüksək diqqət və qayğısı sayəsində uzun illər müxtəlif mərhələlərdən keçərək formalaşmış Əlahiddə Ümumqoşun Ordu bu gün muxtar respublikanın təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verir.
2018-ci ilin mayında Şərur rayonunun Günnüt kəndinin düşməndən azad edilməsi ordumuzun gücünü bir daha sübut etdi.
Sonda açıq dərs iştirakçıları müzəffər Ordumuzun Böyük Qələbəsinin hər kəsdə qürur hissi yaratdığını qeyd ediblər.

- Türkan HÜSEYNLİ