Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 29-da imzaladığı Sərəncama əsasən 2020-2021-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələr Prezident təqaüdünə layiq görülüb. Sevindirici haldır ki, bu il muxtar respublika məzunlarından da 4-ü həmin tələbələr sırasındadır. Onlarla görüşüb həm yüksək ballarla ali məktəblərə qəbul olunmaları, həm də Prezident təqaüdünə layiq görülmələri münasibətilə təbrik etdik, həmsöhbət olduq.

2003-cü il də Ukraynanın Kiyev şəhərində anadan olan İlham Hüseynquliyev I-VI sinif təhsilini Kiyev, VII və VIII sinif təhsilini Türkiyə Respublikasının İzmir şəhərlərində alıb. 2017-ci ildən isə təhsilini Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdə davam etdirib. Oxuduğu illər ərzində məktəbin yüksək təlim göstəriciləri ilə fərqlənən şagirdlərindən biri olan İlham Hüseynquliyev hələ kiçik yaşlarından dəqiq elmlərə maraq göstərib, öz fəallığı, biliyi ilə seçilib, dəfələrlə diplom və fəxri fərmanlarla təltif edilib. İlham 2019-2020-ci tədris ilində keçirilən sınaq imtahanlarında 600-700 arası nəticə göstərib, eyni zamanda Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin keçirdiyi məktəblərarası “Nə? Harada? Nə zaman?” intellektual oyununda iki dəfə komanda ilə iştirak edərək I və II yerə layiq görülüb. O, 2018-2019-cu tədris ilində muxtar respublika fənn olimpiadasında fizika fənni üzrə I, 2019-2020-ci tədris ilində isə eyni fənn üzrə II yeri qazanıb. İlham, həmçinin rus və ingilis dillərində də sərbəst danışa bilir. Musiqiyə, incəsənətə böyük marağı olan İlhamın oriqami (kağızla qatlama) sənəti üzrə Naxçıvanda, Türkiyədə və Kiyevdə sərgiləri təşkil edilib.

Heydər Əliyev adına tam orta məktəbi qızıl nişanla başa vuran, 692 balla Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması ixtisasına qəbul olunan, qəbul imtahanlarının ölkə birincisi kimi tanınan, Prezident təqaüdünə layiq görülən İlham deyir ki, seçdiyim ixtisasda təhsil almaq ən böyük arzum olub. Bu arzusuna çatan gənc artıq qədəm qoyduğu tələbəlik həyatında görmək istədiyi işlərdən danışır: “Bu ixtisası sevərək seçmişəm və qarşıma məqsəd qoymuşam ki, bu sahədə gələcəkdə yeni ixtiralarla ölkəmin adını beynəlxalq səviyyədə tanıdam. Mən çox şanslıyam ki, məhz Bakı Ali Neft Məktəbinin tələbəsiyəm”.

Gələcəyin həkimi olacaq Nəriman Həsənov 2003-cü il də Ordubad rayonunun Nüsnüs kəndində anadan olub. Kənd tam orta məktəbini qızıl nişanla başa vurub. Oxuduğu illərdə istər məktəbdaxili, istərsə də məktəblərarası bilik yarışlarında fəal iştirakı ilə seçilən, keçirilən sınaq imtahanlarında hər zaman yüksək nəticələr əldə edən Nəriman dəfələrlə muxtar respublika fənn olimpiadalarında biologiya fənni üzrə bütün sınaqlardan birinciliklə ayrılıb. İstedadlı yeniyetmə, həmçinin 2019-cu il keçirilən məktəblərarası “Xəmsə” yarışmasında da iştirak etdiyi komanda ilə birlikdə I yeri qazanıb. 2019-2020-ci tədris ilində keçirilən respublika fənn olimpiadasında biologiya fənni üzrə I yerin qalibi olaraq qızıl nişana layiq görülüb.
672 balla muxtar respublika ikincisi, IV ixtisas qrupu üzrə qəbula görə isə muxtar respublika birincisi olan Nəriman artıq Azərbaycan Tibb Universitetinin tələbəsidir. O deyir ki, bizim hərtərəfli təhsil almağımız üçün göstərilən yüksək qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə gələcəkdə də daha böyük uğurlar qazanacağına söz verən gənc deyir ki, qarşıdakı hədəfi Azərbaycan Tibb Universitetini birinciliklə bitirərək, tanınmış həkim olmaqdır: “Hədəfim yüksək nəticə əldə edərək Prezident təqaüdçüsü olmaq idi. Sevinirəm ki, çoxları üçün əlçatmaz olan bu arzuma çatdım. Bunu həyatımın uğurlu başlanğıcı kimi qəbul edirəm”.

Siz onu əldə etdiyi bir çox təhsil uğurları ilə tanıyırsız. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 24 iyun tarixli Sərəncamı ilə adı “Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na salınaraq Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüş şagird, məktəbi qızıl nişanla başa vuran məzun və seçdiyi ixtisas qrupu üzrə ən yüksək nəticəsinə görə Prezident təqaüdünə layiq görülmüş tələbə kimi. Söhbət 2019-2020-ci tədris ilində öz bilik və bacarığı ilə seçilən məzun Siyavuş Bağırovdan gedir. Naxçıvan şəhərində anadan olan Siyavuş 2020-ci ildə Naxçıvan şəhərindəki 8 nömrəli məktəbi qızıl nişanla başa vurub. Siyavuş hələ kiçik yaşlarından bilik yarışlarında, məktəblilərin fənn olimpiadalarında müvafiq yerlər tutub, eləcə də keçirilən bir sıra intellekt oyunlarda komanda kapitanı olaraq öz bilik və hazırcavablılığı ilə təmsil etdiyi komandanı qalib edib.

Siyavuş VIII sinifdə oxuyarkən riyaziyyat fənnindən I yerə layiq görülüb, X-XI siniflərdə muxtar respublika fənn olimpiadasında tarix fənni üzrə iki dəfə I, respublika fənn olimpiadasında isə tarix fənni üzrə ilk dəfə gümüş, ikinci dəfə isə qızıl medal qazanıb. “Xəmsə” və “Nuh yurdu” intellektual oyunlarında dəfələrlə iştirak edib, məktəb kollektivi ilə iki dəfə muxtar respublika çempionu, bir neçə dəfə isə şəhər çempionu olub. 3 il davamlı olaraq muxtar respublikanı Bakıda “Xəmsə” yarışı üzrə təmsil edib və iştirak etdiyi komanda 2019-cu ilin dekabr ayında Azərbaycandakı 100-dən çox komanda arasında “İlin ən yaxşi klubu” adına layiq görülüb. Muxtar respublikada yeniyetmələr arasında ilk dəfə keçirilən “Breyn-Rinq” intellektual oyununda I yerə çıxaraq muxtar respublika çempionu adını alıb. İlk dəfə öz sinif yoldaşı Araz Qulusoyla birlikdə “Sabahın alimləri” IX Respublika müsabiqəsində muxtar respublikanı təmsil edib, hazırladıqları layihə Elmi Ekspertiza Komitəsi tərəfindən III yerə layiq görülüb. Şahmata böyük maraq göstərən Siyavuş bu sahədə də uğurları ilə seçilib, 2014-cü il may ayında ümummilli lider Heydər Əliyevin 91 illik xatirəsinə həsr olunmuş “Naxçıvan Open” şahmat festivalında iştirak edib, ikinci yerə layiq görülüb.
Məktəbi qızıl nişanla başa vuran Siyavuş III ixtisas qrupu üzrə ali məktəbə qəbul imtahanında 665 bal toplayaraq Bakı Dövlət Universitetinin tədrisi ingilis dili üzrə Hüquqşünaslıq ixtisasına qəbul olub.

Allahverdi Sayılov 2003-cü ildə Naxçıvan şəhərində anadan olub. 2014-cü ildə Heydər Əliyev adına tam orta məktəbi qızıl nişanla başa vuran məzun qəbul imtahanlarında 662 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Tibb fakültəsinin tələbəsi adını qazanıb. 2017-ci ildə Heydər Əliyev adına tam orta məktəbin VIII sinifləri arasında coğrafiya fənnindən keçirilmiş bilik yarışında I, 2018-ci ildə keçirilən bilik yarışında “Turan” komandasının üzvü kimi I, 2019-cu ildə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi münasibətilə yeniyetmələr arasında keçirilən yarışlarda – “Nə? Harada? Nə zaman?” intellektual oyununda “Qələbə” komandasının üzvü kimi I, “Poliqon” strateji intellekt oyununda “Tərəqqi” komandasının üzvü kimi II, “Xəmsə” milli intellektual oyununda isə “Aksent” komandasının üzvü kimi I yerlərə layiq görülüb.
Seçdiyi ixtisas üzrə muxtar respublika ikincisi olan və Prezident təqaüdünə layiq görülən Allahverdi Sayılov deyir: “Təhsil aldığım müddətdə hər zaman biliyimə görə seçilən şagird olmuşam. Müəllimlərim də yüksək biliyə malik olub. Oxuduğum məktəbdəki tələbkarlıq, eyni zamanda biz şagirdlərin potensialının düzgün istiqamətləndirməsi sonda uğurlu nəticələr əldə etməyimizə imkan verdi. Heydər Əliyev adına tam orta məktəbin təkcə builki buraxılışının 11 məzununun 500-dən yuxarı bal toplaması da bunun ifadəsidir”.
Elə məhz muxtar respublikada təhsilin inkişafı üçün yaradılan şəraitin, müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulmasının, təhsil müəssisəsində əlverişli təlim mühitinin yaradılmasının nəticəsi olaraq ali məktəblərə builki qəbul imtahanlarında yüksək bal toplayaraq ən böyük arzularına çatan gənclərin bu gün ölkəmizin nüfuzlu məktəblərində təhsil alması və bunların nəticəsində həmin gənclərin hələ məktəbdə oxuyarkən qazandıqları uğurlar elə onların gələcək yollarında da əldə edəcəkləri müvəffəqiyyətlərdən xəbər verir.

Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi