Muxtar respublikada bütün sahələr kimi, təhsil də dövlət qayğısı ilə əhatə olunub. Təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi, müasir kompüter və elektron lövhələrlə təchizatı, laboratoriya və fənn kabinələrinin zəruri avadanlıqlarla təchizatı, kitabxana fondlarının zənginləşdirilməsi tədrisin yüksək səviyyədə təşkilinə geniş imkanlar açmışdır.
Yaradılan şəraitin nəticəsidir ki, muxtar respublikada təhsil sahəsində hər il uğurlu nəticələr əldə olunur. Bu il də muxtar respublikada məzunların nəticələri yüksək olmuşdur. 2019-2020-ci tədris ilində ümumtəhsil məktəblərini tam orta təhsil bazasından xüsusi nailiyyətlərlə bitirən məzunlardan 17-si qızıl, 17-si gümüş nişana, 34-ü fərqlənmə attestatına, ümumi orta təhsil bazasından isə 52-si fərqlənmə attestatına layiq görülmüşdür. Muxtar respublika üzrə şagirdlərdən 4-ü I, 7-si II, 13-ü isə III yer olmaqla, ümumilikdə, 24-ü respublika fənn olimpiadasının qalibi olmuşdur.

Ümumilikdə, 2019-2020-ci tədris ili üzrə ümumtəhsil məktəblərini Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla, 2911 məzun bitirmiş, onlardan 2503-ü, yaxud 86 faizi ali məktəblərə, 260-ı, yaxud 9 faizi orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş, 1955-i, yaxud 71 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur. Məzunlardan 275-i imtahanlarda 500-700 arası nəticə göstərmişdir. Onlardan 110-u, yaxud 40 faizi oğlan, 165-i, yaxud 60 faizi isə qız olmuşdur. Yüksək nəticə göstərən abituriyentlərdən 38-i, yaxud 14 faizi I ixtisas qrupu, 51-i, yaxud 18 faizi II ixtisas qrupu, 137-si, yaxud 50 faizi III ixtisas qrupu, 49-u, yaxud 18 faizi isə IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmuşdur.
Ümumilikdə, yüksək nəticə göstərən abituriyentlərdən 73-ü pedaqoji profilli ixtisaslara, 50-si iqtisadiyyat ixtisaslarına, 49-u hüquqşünaslıq ixtisasına, 47-si tibb ixtisaslarına, 29-u informasiya texnologiyaları və mühəndislik ixtisaslarına, 27-si isə digər profilli ixtisaslara qəbul olmuşdur.
Muxtar respublikada ümumtəhsil müəssisələri ilə yanaşı, təhsilin digər pillələri, o cümlədən ali təhsil müəssisələrinin də infrastrukturu tamamilə yenilənmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı sayəsində Naxçıvan Dövlət Universitetində, “Naxçıvan” Universitetində, Naxçıvan Müəllimlər İnstitutunda kompleks quruculuq işləri aparılmışdır. Ali təhsil müəssisələrinin güclü maddi-texniki bazası formalaşıb, dünya standartlarına cavab verən müasir texnologiya və avadanlıqlarla təchiz edilib, tədris korpusları, internet mərkəzləri, fənn kabinələri, laboratoriyalar yaradılıb.
Muxtar respublikada ali təhsil müəssisələrində kadr hazırlığına xüsusi diqqət yetirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamına əsasən muxtar respublikada kadr hazırlığı aparılan ixtisaslar aidiyyəti təşkilatların hamiliyinə verilmişdir ki, bu da peşəkar kadrların formalaşmasına öz müsbət təsirini göstərir.
Yaradılan şəraitin, muxtar respublikadakı təhsil mühitinin nəticəsidir ki, bu il muxtar respublikanın 500-700 arası nəticə göstərən məzunlarının 53 faizi, yaxud 145-i muxtar respublikanın ali təhsil müəssisələrində təhsil almağa üstünlük vermişdir. Nəinki muxtar respublikanın, hətta ölkənin digər bölgələrindən də yüksək nəticə göstərənlər muxtar respublikada təhsil almağa üstünlük verirlər. Muxtar respublikanın yüksək nəticə göstərən məzunları da daxil olmaqla, 201-i Naxçıvan Dövlət Universitetində, 1-i “Naxçıvan” Universitetində, 2-si Naxçıvan Müəllimlər İnstitutunda olmaqla, ümumilikdə, 2020-2021-ci tədris ilində muxtar respublikanın ali təhsil müəssisələrinin I kursunda yüksək nəticə göstərən 204 tələbə təhsil alacaqdır.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti