Naxçıvan Dövlət Universitetində “Çağdaş Azərbaycan dilinin aktual problemləri” adlı elmi konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov Azərbaycan dilinin xalqımızın mənəvi varlığını ifadə edən əsas amil olduğunu deyib. Bildirilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dil siyasəti bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Diqqətə çatdırılıb ki, muxtar respublikamızda da dövlətimizin dil siyasəti uğurla həyata keçirilir.

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Naxçıvan dialekt və şivələrinin öyrənilməsi məsələləri” mövzusunda çıxışında qeyd edib ki, bu və ya başqa ərazinin ədəbi dildən və bir-birindən fərqlənən yerli danışığı dialekt adlanır. Hər bir dildə bir neçə dialekt ola bilir. Dialekt fərqləri dilin həm fonetik sistemində, həm lüğət tərkibində, həm də qrammatik quruluşunda özünü göstərir. Azərbaycan dilindən daha dolğun, qanunauyğun şəkildə istifadə olunması üçün maarifləndirmə işinin aparılması və ictimai diqqətin bu işə cəlb edilməsindən ibarət olduğu bildirilib.
Universitetin Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru, filologiya üzrə elmlər doktoru Sədaqət Həsənova “Azərbaycan dilinin dialektologiya, nitq mədəniyyəti və üslubiyyat sahəsindəki problemləri” mövzusunda məruzəsində vurğulayıb ki, nitq mədəniyyəti xalqın mədəni səviyyəsi ilə ölçülür. Məlumdur ki, mədəni səviyyə xalqın bütün təbəqələrinin öz ana dilini bilməsi, ona qayğı göstərməsi, onu sevməsi ilə bağlıdır. Professor ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsində, onun qorunmasında və inkişafında göstərdiyi misilsiz xidmətlərindən ətraflı bəhs edib.
Tədbirdə çıxış edənlər ədəbi dil normalarının qorunmasında, Azərbaycan oxucusunun və tamaşaçısının ədəbi-bədii zövqünün formalaşmasında dövlətlə yanaşı, bütövlükdə, cəmiyyətin mühüm rol oynadığını bildiriblər.

Səadət Əliyeva