Naxçıvan Dövlət Universitetində “Naxçıvan Muxtar Respublikasında innovasiyalı iqtisadi inkişaf və müasir maliyyə mexanizmləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
Plenar iclası giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev qeyd edib ki, ölkəmiz innovasiyalara açıq olan və sosialyönümlü yeni iqtisadi modelə keçib. Dövlət başçısının təsdiq etdiyi “Azərbaycan – 2020: gələcəyə baxış” inkişaf konsepsiyasında intellektual mülkiyyətin inkişaf etdirilməsi prioritet istiqamət kimi götürü­lüb. Vurğulanıb ki, texnologiyaların kadr hazırlığına tətbiqini həyata keçirməklə, ilk növbədə, universitetlərdə elmi səviyyəni yüksəltmək və bu əlaqəni iqtisadiyyatın inkişafına birləşdirmək üçün innovativ infrastruktur formalaşdırılmalıdır. Rektor Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının əhəmiyyətindən danışıb. Universitetdə yaradılan İnnovasiya Mərkəzinin fəaliyyətindən və tələbələrin təqdim etdiyi 12 startap layihəsindən ətraflı məlumat verib.

Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Rəfael Əliyev bildirib ki, son illər ərzində görülən bütün bu işlər, yaradılan şərait, təşkilati və struktur islahatların nəticəsində bu gün fəaliyyət müasir tələblər səviyyəsində qurulub. Nazir­liyin funksiyalarının böyük əksəriyyəti elektron sistemlərə inteqrasiya olunub və bu işlər ardıcıl şəkildə davam etdiri­lir. Nazir sözügedən sərəncamın əhəmiyyətindən danışaraq kadr potensialının formalaşması, yüksək intellektli mütəxəssislərin hazırlanması, tələbələrin praktik biliklər əldə etməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Universitetin Mühasibat uçotu və maliyyə kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Teymur Abbasov “Naxçıvan Muxtar Respublikasında innovasiyalı iqtisadi inkişafın təmin olunması və mühasibat uçotunun beynəlxalq standartlara keçməsinin əsas şərtləri”, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent Mehriban İmanova “Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi tərəfindən etibarlı maliyyə mühitinin yaradılması və mühasiblərin peşəkar sertifikasiyasının əhəmiyyəti” mövzularında çıxış ediblər.
Konfrans üç bölmə iclası ilə fəaliyyətini davam etdirib.

Səadət Əliyeva