Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsində elektron jurnalın təqdimat mərasimi keçirilib.
Universitetin rektoru, dosent Elbrus İsayev təqdimatı keçirilən və universitetdə ilk dəfə Memarlıq və mühəndislik fakültəsində istifadəyə verilən elektron jurnalın əhəmiyyətindən danışıb.

Memarlıq və mühəndislik fakültəsinin dekanı, professor Cavanşir Zeynalov tədbir iştirakçılarını bu jurnalın istifadə qaydaları ilə tanış edib. Bildirilib ki, elektron jurnala daxil olmaq üçün tələbə-müəllim qeydiyyatı yaradılıb. Həmin qeydiyyatdan keçdikdən və adminstrator tərəfindən təsdiq edildikdən sonra sistemə daxil olmaq mümkündür. Qeyd edilib ki, elektron jurnala fakültə üzrə ixtisaslar, kurslar, fənlər, keçirilən mövzuların adları yüklənilib. Sistemdə tələbənin davamiyyəti, biliyinin qiymətləndirilməsi, kollokvium və sərbəst iş qiymətləri öz əksini tapıb. Həmçinin sistem tələbənin alt və ya üst qrupda dərs götürməni təmin etmək imkanına da malikdir. Vurğulanıb ki, tələbə elektron jurnal vasitəsilə semestrin sonunda öz transkriptini də görə bilər.
Sonda müəllimlərin sualları cavablandırılıb.

Telli MUSTAFAYEVA