“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən hamiliyə götürülən Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri üçün keçirilən tədbirlər davam etdirilir.

Bu münasibətlə keçirilən seminarı giriş sözü ilə universitetin kafedra müdiri Flora Kərimova açaraq qeyd edib ki, adıçəkilən sərəncam muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələri ilə müvafiq təşkilatlar arasında əməkdaşlığı genişləndirmək, peşəkar kadr potensialı hazırlamaq, bu sahədəki çətinlikləri aradan qaldırmaq, tələbələrə elmi-nəzəri biliklərlə yanaşı, təcrübi biliklər də aşılamaq, onların gələcək iş yerlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları Türkan Gülməmmədli “Dövlət qulluğunun hüquqi statusu”, Zaman Bağırov isə “İcra funksiyalarının yerinə yetirilməsində dövlət qulluqçusunun fərdi məsuliyyəti” mövzularında hazırladığı slaydlar vasitəsilə geniş məlumat veriblər.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti