Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında Beynəlxalq münasibətlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Şamxal Məmmədovun “Sürünən erməni ekspansiyası, Rusiyanın Cənubi Qafqaz siyasəti və köçlər” adlı monoqrafiyasının təqdimat mərasimi keçirilib.
Universitetin rektoru, dosent Elbrus İsayev yeni nəşrin tarixi faktların ortaya çıxarılması, ictimaiyyətə çatdırılması baxımından elmi dəyər ilə yanaşı, ictimai əhəmiyyət də kəsb etdiyini vurğulayıb. Tədqiqat Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində erməni məkrinə ən layiqli dəyərli bir nümunə olaraq qiymətləndirilib.

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli çıxışında qeyd edib ki, kitabda Cənubi Qafqaz əraziləri üçün yad, köçürülüb gətirilmə etnos olan erməni toplumunun bura yerləşdirilməsi, regionun yerli əhalisinə qarşı onların deportasiya və soyqırımı əməllərindən bəhs olunur. Göstərilir ki, ermənilər məhz Rusiyanın Cənubi Qafqazda həyata keçirdiyi imperiya siyasəti nəticəsində özgə xalqların torpaqlarını ələ keçirib burada öz qondarma dövlətlərini yarada biliblər. Monoqrafiyada qədim və orta çağlarda, imperiya dövründə Cənubi Qafqazda etnik erməni ekspansiyası, Rusiya bolşevizminin Cənubi Qafqaz siyasəti və erməni ekspansiyasından bəhs olunur.
Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi Arzu Abdullayev diqqətə çatdırıb ki, yeni nəşrdə Cənubi Qafqazın Rusiya tərəfindən işğal edilib müstəmləkəyə çevrildiyi XIX əsrdə baş verən hadisələr təhlil edilərək bu günün kontekstində qiymətləndirilib.
Müəllif universitet mühitində yaradıcı insanların elmi-pedaqoji fəaliyyəti üçün göstərilən dövlət qayğısına görə minnətdar olduğunu bildirib, gəncləri tarixi yaddaşımızı unutmamağa, ermənilərin xalqımızın başına gətirdikləri dəhşətli faciələrdən dərs almağa çağırıb.

Səadət Əliyeva