AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən  verilən məlumata görə, Bölmədə  Naxçıvan Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Asim Yadigarın “Xaqani” dastanı”, “O mənim ürəyim deyil”, “Yollarında qaldı gözüm” və Günay Şirəliyevanın “Asim Yadigarın yaradıclıq yolu” adlı kitablarının müzakirəsi keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev şair Asim Yadigarın zəngin ədəbi-bədii yaradıcılıq nümunələrinə nəzər salıb. Bildirib ki, yaradıcılığına şeir ilə başlayan və bu gün daha çox poema və dram əsərləri ilə tanınan Asim Yadigar 40 ilə yaxındır ki, ədəbi yaradıcılıqla məşğul olur.

Vurğulanıb ki, Asim Yadigarın yaradıcılıq yolu Günay Şirəliyevanın qələmə aldığı monoqrafiyada geniş şəkildə əksini tapıb. Belə ki, nəşrdə Asim Yadigarın şeirləri, poemaları və dram əsərləri, şairin yaradıcılığındakı əsas mövzular, onların bədii təqdim üsulları sistemli bir şəkildə tədqiqata cəlb olunub.

Sonra Bölmə əməkdaşlarının şairin həyat və yaradıcılığına həsr olunmuş məruzələri dinlənilib.

Tədbirin sonunda şair Asim Yadigar çıxış edərək Naxçıvanda şair və yazıçılara yaradılan şəraitdən danışıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin qayğısı ilə çap olunan əsərləri diqqətə çatdırıb.