Sentyabrın 18-də Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək.

Dövlət İmtahan mərkəzindən  bildirilib ki, imtahanda namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. İmtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində 1 binada keçiriləcək və saat 15:00-da başlanacaq. Saat 14:45-də buraxılış rejimi başa çatır. İmtahan 2 saat 30 dəqiqə davam edəcək.

Namizədlər “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap etmək üçün https://eservices.dim.gov.az/erizerez/brxvrez/?frm=egov linkinə daxil olaraq çap edə bilərlər. Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi”ni və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni mütləq gətirməlidir. Bu sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

“İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” namizəd tərəfindən imzalanır. Bəyannamə zal nəzarətçisinə təhvil verildiyi üçün ayrıca vərəqdə çap olunmalıdır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahanın II mərhələsində iştirak etmək üçün 601 namizəd qeydiyyatdan keçib. Onlardan 415 nəfəri qız, 186 nəfəri oğlandır. Eləcə də 562 namizəd Azərbaycan bölməsinin, 39 namizəd rus bölməsinin, 280 namizəd cari ilin, 321 namizəd isə əvvəlki illərin məzunudur, 4 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 583, Naxçıvan şəhərində isə 18 namizədin imtahan verəcəyi gözlənilir.

İmtahanların idarə olunması üçün 7 imtahan rəhbəri, 67 zal nəzarətçisi ayrılıb.