Elmi fəaliyyətlərini ümummilli liderimiz, görkəmli dövlət xadimi Heydər Əliyevin elmin, təhsilin inkişafına xidmət edən müdrik ideyaları altında təşkil edən neçə-neçə dilçi alimlərimiz dilimiz, Azərbaycançılığımız uğrunda yorulmaz fəaliyyətlə məşğuldurlar. “Dilimizi sevək, qoruyaq, gələcəyə saf və təmiz şəkildə ötürək”, vəzifəsinə sadiq qalan alimlərimizin bu yolda usanmadan ərsəyə gətirdikləri kitablar, monoqrafiyalar, elmi məqalələr dilimizin saflığının qorunmasının əsas vasitələridir. Onlardan biri də AMEA Naxçıvan Bölməsinin aparıcı elmi işçisi, dosent Zülfiyyə İsmayılın Azərbaycan dilçilik elminə bəxş etdiyi növbəti uğurlu kitabı, yenicə çapdan çıxmış “Ədəbi-bədii dil və dilçilik araşdırmaları” adlı elmi nəşrdir.

Kitab “Ön söz”, 2 fəsil, istifadə edilmiş ədəbiyyat siyahısı və mündəricatdan ibarətdir. I fəsil “Ədəbi dil və bədii düşüncə” adlanır. Bu fəsildə müəllif müxtəlif tarixi dönəmlərdə milli dilimizin qarşılaşdığı təqiblər, ağırlıqlar, bunlardan doğan çətinliklər, eyni zamanda bu problemlərin sürüklədiyi fəlakət – milli dilimizin məhvolma faciəsi ilə üzləşməsi məsələlərindən bəhs edir. Zaman-zaman dilimizin mücahidləri kimi, istər elmi, bədii yaradıcılıqlarında, istərsə də şəxsi fəaliyyətlərində mənəvi kimliyimiz olan dilimizin qorunmasında yorulmaz fəaliyyət göstərən yazıçı, şair və elm fədailərinin yoluna nəzər salınır. Hər fəsildə dil məsələləri ilə bağlı ümumnəzəri məsələlərdən başlamış köklü və konkret problemlərin araşdırılması istiqamətində görkəmli şəxsiyyətlərin dilçilik fəaliyyəti ayrı-ayrı paraqraflarda öz əksini tapır. Müəllif ölməz sənətkarımız Cəlil Məmmədquluzadənin Azərbaycan dilinin qorunmasında misilsiz xidmətlər göstərdiyini bir daha təsdiqləyir. Böyük dramaturq Hüseyn Cavidin əsərlərini təhlil edərək onların bədii dil-üslub xüsusiyyətlərini aşkara çıxarmağa müvəffəq olur.

Zülfiyyə İsmayıl ölməz sənətkarımız Şəhriyarın ana dilimizə verdiyi böyük dəyəri onun əsərlərində Azərbaycan mövzusunu, Azərbaycançılıq ideyalarını önə çəkməsi ilə əlaqələndirir. Kitabda XX əsrin və Yaxın Şərqin böyük simalarından, görkəmli ədib Cəlil Məmmədquluzadə məktəbinin tanınmış nümayəndələrindən, “Molla Nəsrəddin” jurnalında müxtəlif janra aid olan, lakin eyni məqsədə xidmət edən yazıları ilə çıxış etmiş mütərəqqi fikirli şəxsiyyət Əliqulu Qəmküsarın dil məsələləri ilə bağlı görüşləri təhlil edilir. Müəllif Azərbaycan ictimai və ədəbi fikir tarixində şöhrət qazanmış Eynəli bəy Sultanovun əsərlərinin maarifçilik görüşləri ilə zəngin olduğunu aşkarlayır.
Dosent Zülfiyyə İsmayılın təbirincə desək, Araz çayı Məmməd Araz üçün, sadəcə, ilham mənbəyi deyil, həm də qibləgahdır. Müəllif Naxçıvan ədəbi mühitinin layiqli yetirməsi, şeirlərinin musiqisi özüylə doğulan sevimli şairimiz Məmməd Araz yaradıcılığının pərəstişkarı kimi onun əsərlərinin dil-üslub xüsusiyyətlərini ciddi elmi tədqiqata cəlb edir.
Kitabın II fəsli “Dilçilik elmimiz: ustadlar və yeni nəsillər” adlanır. Bu bəhsdə müəllif Azərbaycan dilçilik elminin tanınmış ustad simaları ilə yanaşı, gənc dilçi alimlərin də bu ustadlardan aldıqları mükəmməl dərsin nəticəsi olan yorulmaz fəaliyyətləri işıqlandırılıb.
Zülfiyyə İsmayıl dərin araşdırma apararaq akademik Məmmədağa Şirəliyevin dialektologiya elminə bəxş etdiyi töhfələrdən ürək genişliyi ilə bəhs edir. Müəllif Azərbaycan dilçilik elmində bir çox alimlərin, o cümlədən özünün ustadı dilçi alim, professor Yusif Seyidov yaradıcılığına da müraciət edir. Alimin dilçilik elmimizə bəxş etdiyi tutarlı elmi nəticələr, ümumilikdə, Azərbaycanşünaslıq üçün böyük töhfə kimi öz əksini tapır. Kitabda akademik Kamal Abdullanın Azərbaycan dili sintaksisinin açılmayan sirlərini elmə təqdim etməsi kimi əvəzsiz xidmətlərindən danışılır. Müəllif ustad dilçilərdən olan akademik Möhsün Nağısoylunun da elmi yaradıcılığına səyahət edir.
Kitabın II fəslində müəllifin “ustad dilçi alimlər” mövqeyi ilə yaradıcılığını ən çox tədqiqata cəlb etdiyi dilçi türkoloq alim, pedaqoq, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Əbülfəz Quliyevdir. Yeni nəşrdə bir neçə məqalə vasitəsilə professor Əbülfəz Quliyevin işıqlı ömür və yaradıcılıq yoluna nəzər salınır. Alimin Azərbaycan dilçilik – türkologiya elminə bəxş etdiyi əvəzsiz xidmətlərdən ürəkdolusu söhbət açılır.
Müəllif kitabda Naxçıvanda müxtəlif vaxtlarda və hazırda fəaliyyət göstərən dilçi alimlər haqqında, onların fəaliyyəti ilə bağlı maraqlı məqalələrlə çıxış edir. Dilçi-alim Sevindik Vəliyevin elmi fəaliyyəti, istedadlı dilçi alimlərdən olan Leyla Səfərovanın dilçilik elmi ilə əlaqədar apardığı araşdırmalardan gəlinən elmi qənaətlər kitabda öz əksini tapır. Məhsəti Əsgərovanın “Fransız dilinin Azərbaycanda tədqiqi tarixi” monoqrafiyasına dilçi-alim mövqeyindən yanaşılması, yüksək məziyyətləri haqqında söhbət açılması da maraq doğurur.
Əminliklə deyə bilərik ki, AMEA Naxçıvan Bölməsinin aparıcı elmi işçisi, dosent Zülfiyyə İsmayılın ərsəyə gətirdiyi bu kitab dilçi alimlərimizin Azərbaycan dilçilik elmindəki uğurlu fəaliyyətlərini əks etdirmək baxımından böyük dəyərə malikdir. Bu da müəllifin şəxsən özünün milli-mənəvi sərvətimiz olan dilimizə böyük sevgisini ifadə edən ən yüksək göstəricilərdən biridir.

Aytən CƏFƏROVA
filologiya üzrə fəlsəfə doktoru