Dünyanın bir sıra qabaqcıl universitetləri ilə əməkdaşlıq edən “Naxçıvan” Universiteti Türkiyənin Muğla Sıtkı Koçman Universiteti ilə birgə əməkdaşlığı genişləndirir.

Universitetdən  bildirilib ki, bu məqsədlə Türkiyədə səfərdə olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu Muğla Sıtkı Koçman Universitetinin həmtəsisçisi, eyni zamanda, Tibb fakültəsinin dekanı, Muğla Sıtkı Koçman Xəstəxanasının baş həkimi, Türk Ortopedi və Travmatoloji Birliyinin sədri professor Nevres Hürriyet Aydoğan ilə görüş keçirib.

Görüşdə beynəlxalq konfransların təşkili, universitetə tələbə cəlbi, təhsilin modernləşməsi və bir çox sahədə danışıqlar aparılıb. Hüseyn Bağırsoylu “Naxçıvan” Universitetində tələbələr üçün yaradılan müasir tədris imkanları barəsində məlumat verib, Azərbaycanda, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında tibb sahəsinin inkişafına göstərilən dövlət qayğısından danışıb.

Görüş zamanı Hüseyn Bağırsoylu universitetin maddi-texniki bazası ilə yaxından tanış olub, müəllim və tələbə mübadiləsi üçün ilkin razılıqlar əldə edilib.

Qeyd edək ki, “Naxçıvan” Universiteti dünyanın 51 ali təhsil ocağı ilə əməkdaşlıq edir və bir sıra beynəlxalq layihələrin üzvüdür.