Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi fəaliyyətini
çoxşaxəli istiqamətlər üzrə qurub

Yaradıcılıq mərkəzi dedikdə gözlərimiz önündə istedadlı uşaqların bir araya gəlib öz məharətini göstərmələri canlanır. Uşaqların maraq, meyil və bacarıqlarının, intellektual səviyyələrinin üzə çıxarılmasında, onların yaradıcılıq qabiliyyətlərinin inkişafında, fiziki cəhətdən sağlam böyümələrində, fərdi yaradıcılıq potensiallarının ortaya qoyulmasında məktəbdənkənar müəssisələrin fəaliyyəti əlverişli hesab edilir.

Təhsil ekspertləri məktəbdənkənar müəssisələrin əsas fəaliyyət istiqamətlərini 3 qrupa bölürlər. Bura dərnək məşğələləri, mədəni-kütləvi tədbir, müsabiqə, idman yarışları və təlimati-metodik işlər daxildir. Təbii ki, biz də haqlı olaraq bu qrupa onlayn dərs məşğələlərini də əlavə edəcəyik. Pandemiya ilə əlaqədar əhatə dairəsini genişləndirən onlayn dərslər, məşğələlər bu gün uşaqların yaradıcılıqdan geri qalmaması üçün atılmış mühüm addım hesab edilir. Muxtar respublikamızda da məktəbdənkənar müəssisələr öz fəaliyyətlərini onlayn şəkildə davam etdirirlər. 

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi də onlayn dərslərdən yararlanan və fəaliyyətini günün tələbləri səviyyəsində qurmağı bacaran məktəbdənkənar müəssisələrdən biridir. Məlumat üçün deyim ki, 1979-cu ildə Naxçıvan şəhər pionerlər evi kimi yaradılan məktəbdənkənar müəssisə 2009-cu il mart ayının 19-dan etibarən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi adı ilə fəaliyyətini davam etdirir. Mərkəzin ulu öndərin adını daşıması burada çalışan kollektivin üzərinə böyük məsuliyyət qoyur, onları daha səylə çalışmağa sövq edir. Onu da, xüsusilə vurğulamaq lazımdır ki, “Uşaqlar bizim gələcəyimizdir” – deyən, uşaqlara gələcəyin ümidi kimi baxan ümummilli lider Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində onlara böyük qayğı ilə yanaşıb. Məhz ulu öndərin rəhbərliyi ilə uşaq və yeniyetmələrin sağlamdüşüncəli, hərtərəfli biliyə malik yetişmələri yönündə bir sıra tədbirlər həyata keçirilib, fərman və sərəncamlar imzalanıb. Görkəmli dövlət xadiminin uşaqlarla bağlı müəyyən etdiyi siyasət bu gün muxtar respublikamızda, o cümlədən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin timsalında uğurla davam etdirilir.
Məktəbdənkənar müəssisənin qatıldığı ictimai xarakterli tədbirlər ailə, təhsil müəssisələri, ictimai təşkilatlar, yaradıcılıq birlikləri, cəmiyyətlər, fondlar, əmək kollektivləri ilə birlikdə aparılır.

Yaradıcılıq mərkəzində qrup məşğələləri və dərnəklər fəaliyyət göstərir. Dərsdənkənar dərnəklərin uğurlu nəticələri məktəblilərin yaradıcılıq uğurlarının üzə çıxmasında, onların fəaliyyət istiqamətləri seçimində mühüm rol oynayır. Dərnəklərin profili şagirdlərin istəyinə uyğun olaraq müəyyənləşdirilir. Belə ki, burada müxtəlif sahələr üzrə dərnəklər təşkil olunub. 2019-cu ilin oktyabr ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən adıçəkilən mərkəzdə “Robotexnika”, “Memarlıq-dizayn”, “Mental aritmetik”, “Maty-plyus”, “Bədii gimnastika”, “Ebru sənəti”, “Məntiq”, “Dulusçuluq”, “Ağac üzərində oyma”, “Metal üzərində bədii döymə”, “Xalçaçılıq”, “Sürətli oxu”, “Qum sənəti” kimi innovativ dərnəklər yaradılıb. Bu dərnəklər uşaq və gənclərə məhdud fəaliyyətdən azad olub çoxnövlü dərnəklərdə özlərini sınamaq şansı verib, nəticədə, onların yeni yaradıcılıq potensialları üzə çıxıb.
Bəs bu gün həmin sahədə vəziyyət necədir? Pandemiya dövründə məktəbdənkənar müəssisə fəaliyyətini necə bərpa edir? Bu suallara cavab tapmaq üçün mərkəzin direktoru Rəşad Xudiyevlə həmsöhbət olduq. Öyrəndik ki, cari ilin ilk 6 ayı ərzində bütün onlayn tədbirlərdə uğurlu nəticələr əldə edilib. Mərkəz təkcə iki ay ərzində bir çox onlayn məşğələ ilə ictimaiyyətin marağına səbəb olub. Bu gün vəziyyətdən asılı olmayaraq, müəllim və şagird kollektivi işlərinə məsuliyyətlə yanaşır, iştirak etdikləri onlayn məşğələ, dərs və tədbirlər internet resurslarında nümayiş etdirilir. Onlayn tədbirlər nəticəsində izləyicilərin sayında artım, özlərində isə yaradıcılıq fəallığı müşahidə olunub. İyul və avqust ayları ərzində “Bədii toxuculuq”, “Mental aritmetik”, “Dulusçuluq”,“Dekorativ-tətbiqi sənət”, “Rəqs”, “Xalçaçılıq”, “Memarlıq-dizayn”, “Bacarıqlı əllər”, “Metal üzərində bədii döymə”, “Ebru sənəti” və sair dərnəklərin videoməlumatları, dərs məşğələləri, tanınmış şəxsiyyətlər və əlamətdar günlər haqqında hazırlanan videoçarxlar onlayn şəkildə ictimaiyyətə nümayiş etdirilib, bir çox məktəblilər internet resursları vasitəsilə belə məşğələlərdən faydalanıb. Bu yaxınlarda təşkil edilmiş onlayn sərgi də çox maraqla qarşılanıb. Sərgidə 100-ə yaxın əl işi nümayiş olunub. “Dulusçuluq”, “Xalçaçılıq”, “Ağac üzərində oyma”, “Ağac üzərində yandırma”, “Metal üzərində bədii döymə” dərnək üzvlərinin əl işlərindən ibarət onlayn sərgidə yeni yaradıcı təfəkkürün və bədii zövqün bəhrəsi olan maraqlı əl işləri nümayiş olunub.

Həmçinin 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar şeir müsabiqəsi, “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan Məhəmməd Tağı Sidqinin “Məktəb hekayələri” və “Sirlər xəzinəsi” əsərlərinin müzakirələri təşkil edilib. Onlayn keçirilən esse müsabiqəsinin təşkili isə uşaqların təfəkkür potensiallarının üzə çıxmasında çox əhəmiyyətli rol oynayıb. “Instagram” səhifəsində təqdim olunan esselərdə uşaqların maraqlı düşüncə tərzi, fərqli yanaşması özünü göstərib.
Məşğələlərə muzeylərə onlayn ekskursiyalar da daxildir. Belə ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Xan Sarayı Dövlət Tarix-Memarlıq Muzeyinə, Cəmşid Naxçıvanskinin ev-muzeyinə, Heydər Əliyev Muzeyinə onlayn ekskursiyalar təşkil olunub.
Bütün sadalananlar məktəbdənkənar təhsilin fəaliyyətinin uğurlu nəticəsi olduğunu deməyə əsas verir. Məktəbdənkənar müəssisədə dərnəklərin fəaliyyətində, həqiqətən də, bir zamanlar hökm sürən o boşluqlar artıq istedadlı uşaqlarımızın çoxalması ilə əvəz olunub. Çünki dərnəklərin fəaliyyətinə dərnək rəhbərləri qədər valideynlər də, məktəblər də maraqlıdır. Bunun üçün qəbul edilmiş əsaslı proqramlar, onlayn dərs məşğələləri də real bəhrəsini verməkdədir.

 Türkan HÜSEYNLİ