Ədəbiyyatşünaslığın aktual problemlərinin tədqiqində mühüm xidmətləri olan Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Hüseyn Həşimli 40-dan çox kitab və monoqrafiyanın, 350-yə yaxın elmi, yüzlərlə publisistik məqalənin  müəllifi olmuşdur. Bu göstəricilər onun gərgin və səmərəli elmi fəaliyyətinin ən uğurlu nəticələridir. Alim hər bir əsərində tədqiq etdiyi mövzunun aktullığını və əhəmiyyətini tutarlı faktlarla gündəmə gətirir, yeni elmi baxışlar müstəvisində təhlil süzgəcindən keçirir və ümumiləşdirilmiş  nəticələr verirdi.

Hüseyn Həşimlinin 55 illik ömür yolunun 33 ili, yəni yarıdan çoxu ali əhsil aldığı Naxçıvan Dövlət Universiteti, bu doğma elm məbədgahı ilə ilə bağlı olub, universitetdə gənc kadrların hazırlanması işində böyük əmək sərf edib. Belə bir mənəviyyatın saldığı işıqla o, yeni tədqiqatçılara həyan olub, onların araşdırmalarına elmi rəhbərlik edib, düzgün yol göstərib. Оnun qabiliyyəti, istеdadı, zəhmətsеvərliyi, məhsuldarlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib: Hüseyn Həşimli elmi nəticələrinə və təhsil quruculuğu sahəsindəki xidmətlərinə görə 2007-ci ildə 42 yaşında “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adı ilə təltif olunub. 2009-cu ildə Türkiyədə “Türkiyə-Azərbaycan kültür və ədəbiyyatına hizmət ödülü”nə layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmuşdur.

Böyük elmə gedən yoldakı ilk uğurunu 1985-ci ildə “Ən yaxşı tələbə elmi işinə görə” qazanıb. Gələcəyin görkəmli aliminin hələ tələbə ikən əldə etdiyi bu nailiyyəti onun fitri istedadının xəbərçisinə çevrildi. Hüseyn Həşimlinin xoşbəxtliyi onda idi ki, ictimai həyatdakı və elm sahəsində uğurları ilə  dərs deyən insanların etimadını doğruldtmaqla onları qürurlandırıb, fərəhləndirib.

1998-ci ildə Naxçıvan elmi mühitində mühüm hadisə baş verdi. İlk dəfə olaraq doğma ocağımız olan Naxçıvan Dövlət Universitetində Dissertasiya Şurası öz fəaliyyətinə Hüseyn Həşimlinin “Azərbaycan ədəbiyyatında sentimentalizm” mövzusunda yazdığı fundamental bir elmi tədqiqat işinin müdafiəsi ilə başladı. Azərbaycan elmi içtimaiyyəti Naxçıvanda necə böyük elmi işlər ərsəyə gətirildiyinin canlı şahidi oldu. Elə həmin gün Ali Attestasiya Komissiyası tərəfindən diplom alması elmi mühitdə sensasiyaya səbəb oldu. Bu cür ilklər idi məhz Hüseyn Həşimlini digər həmkarlarından fərqləndirən. Beləcə, bir tarix ömrün başlanğıcı burdan başladı. O, 2011-ci ildə “Azərbaycan ədəbiyyatında Avropa mənşəli lirik janrlar” mövzusunda elmlər doktorluğu dissertasiyasını da uğurla müdafiə etdi. 2003-cü ildə dosent, 2017-ci ildə isə aldığı “professor” elmi adlarını ən uğurlu ünvanına çevrildi və bu titulları şərəf və ləyaqətlə daşıdı.

Hüseyn Həşimli ədəbiyyatşünaslıq elmimizə ən çox töhfələr verən, müasir ədəbi prosesin istiqamətlənməsində xidmətləri olan görkəmli ədəbiyyatşünas alimlərimizdən idi. Onun ədəbiyyat nəzəriyyəsini və ədəbiyyat tarixini dərindən və mükəmməl bilməsi alim yoldaşlarında da böyük maraq və heyrət doğururdu. Təsadüfi deyil ki, alimə elm aləmində böyük nüfuz qazandıran “Azərbaycan poeziyasında sonet və terset”, “Azərbaycan mənsur şeirinin təşəkkülü”, “Azərbaycan ədəbi mühiti və türk dünyası”, “Əli Məhzun və “Ədəbiyyata dair” əsəri”, “Avropa lirik janrları və Azərbaycan ədəbiyyatı”, “Hüseyn Cavidin lirikası və Avropa poetik ənənələri” kimi biri-birinin ardınca işıq üzü görən əsərləri məhsuldar alimin gərgin əməyinin bəhrələri idi. Onun zəngin irsini akademik İsa Həbibbəyli belə dəyərləndirir: “Professor Hüseyn Həşimli elmi fəaliyyətində ədəbiyyat nəzəriyyəçiliyi ilə ədəbiyyat tarixçiliyini qoşa qanad kimi inkişaf etdirmiş və onların qarşılıqlı əlaqəsi əsasında orijinal elmi əsərlər yazıb nəşr etdirmişdir. Alimin ədəbiyyat nəzəriyyəsi üzrə ədəbi cərəyanlara, lirik ədəbi növün janrlarına, klassik ədəbi irsə və mənsur şeirinpoetikasına həsr olunmuş tədqiqatları yüksək nəzəri səviyyəsi və fakt zənginliyi ilə səciyyələnir. Hüseyn Həşimli hazır sxemlərdən deyil, ədəbiyyat tarixinin daxili təkamül proseslərindən çıxış edərək nəzəri model yaratmağı bacaran alimlərdən idi. Hüseyn Həşimlinin imzası onun elmdə özünüisbatının möhürü idi”.

XX əsrin əvvəllərində yaşayıb-yaratmış Əli Səbri Qasımov, Ələkbər Qərib Naxçıvanlı, Abdulla Divanbəyoğlu, Səid Səlmasi, Əlipaşa Səbur Hüseynzadə, Əli Məhzun, Məhəmməd Əli Sidqi, Fərhad Ağazadə,  Əliabbas Müznib, Nemət Bəsir kimi böyük maarifçilərimizin, işıqlı mütəfəkkirlərimizin, ziyalılarımızın, ədəbiyyat adamlarımızın arxiv rəflərində unudulan, xalqın yaddaşında itib-batmaqda olan irsinə yeni nəfəs, yeni ruh vermişdir. O ədəbi mühitimizin unudulmuş, qaranlıq məqamlarına işıq salmaqla bu işığı öz kimliyində, təfəkküründə və əməlində  yaşadan əsl ziyalı mənəviyyatının, ziyalı əqidəsinin bariz simasını göstərdi. Ziyalı kimi bu gün Hüseyn Həşimlini o şəxsiyyətlərlə birləşdirən bir dəyər də məhz budur: O, uzun illər böyük zəhmətlə ərsəyə gətirdiyi əsərlərinə öz ruhunu hopdurmuşdu. Onun səliqə-səhmanlı, nizam-intizama tabe olan axıcı dili, üslubu, fikirlərinin ifadə tərzi, analitik təfəkkürü oxucusunu məftun edirdi.  Onun işıqlı təfəkkürü, yaşını xeyli qabaqlayan müdrikliyi, həyatın qazandırdığı təcrübə, elmi yaradıcılığa, ictimai fəaliyyətə həsr olunmuş mənalı ömür yolu yetişməkdə olan biz filoloqlar üçün meyar, ölçüdür. Ona ömrün ixtiyar çağını yaşamaq, yavaş-yavaş qocalmaq nəsib olmasa da, müdriklik tale yoldaşı oldu. Sokratın belə bir sözü var: “Yaşama ki, 70 yaşın olsun, sənə müdrik desinlər, gəncliyində elə ol ki, sənə o yaşda müdrik desinlər”. O elə gəncliyində müdrikləşən, kamilləşən şəxsiyyət kimi tələbələrinin meyar şəxsiyyətinə, öz müəllimlərinin nümunəsinə çevrilmişdi. O bütün gənc filoloqlar üçün əzmkarlığın, məqsədyönlülüyün, alın təri ilə yoğrulan əməyin, zəhmətin yaratdığı nümunə idi. O, ictimai pillələrlə hər zaman irəlilədi. Dekan müavini, tədris işləri üzrə prorektor kimi çətin işin öhdəsindən gələrkən belə o, sərt metodlardan deyil, xarakterindəki sadəlikdən, səmimiyyətdən istifadə etdi. Məhz bu keyfiyyətlərin gücü idi ki, bütün tələbələr çox qısa zamandan sonra onu özlərinə doğma bilir, hər hansı bir müşkül işləri olanda onun ünvanına üz tuturdular. Ard-arda dörd çağırış Ali Məclisin deputatı kimki də Hüseyn Həşimli əsl ziyalılıq, ictimai xadim etalonu oldu. Nə vəzifə, nə status, nə ictimai nüfuz onun həlim xarakterini, xoş simasını dəyişdirdi. 1993-1997-ci illərdəki ən sevimli müəllimimiz necə sadə, təvazökar, səmimi, dostcanlı idisə, ötən illər bu xüsusiyyətlərin heç birini ondan ala bilmədi, əksinə, daha da mülayim və müdrik etdi. Şəxsiyyət etibarilə yetkin və özünə əminlik hisslərini daha da artırdı. Ən sağlam düşüncəli ziyalılardan biri kimi xatirəmizdə əbədi iz saldı.

Müəllimimizin araşdırmaları haqqındakı fikirlərini xatırladıqca, təəssüf hissi keçirirəm ki, onun gördüyü işlərdən daha da çoxu  irəlidə idi. Lakin amansız əcəl onu sevənlərin ürəyində qaysaq tutmayan yaraya çevrildi. Həmin gün – 20 iyun həyat donuq və küskün vəziyyətə düşmüşdü. Bütün varlığımız Hüseyn Həşimli ruhuna köklənmişdi. Hər kəs eyni mövzuya kilidlənmişdi. Bütün sosial şəbəkələrdə hər kəs ondan yazırdı... kim idi bunlar?.. onu yetişdirən mühit, təmənnasız dostlar, eyni ziyadan nur alan saysız-hesabsız yetirmələr – bir sözlə, qədirbilən xalqımız. Bütün yazılarda Hüseyn Həşimlinin elminə, işgüzarlığına, siyasi əqidəsinə, şəxsiyyətinə yüksək dəyər verilir, bu nakam ömürdən geriyə qalan xatirələr dilə gətirilir, böyük bir acı ruha hakim kəsilirdi. İnsana ən yaxşı dəyər onu daim müşahidə edən insanlar tərəfindən verilir. Bu baxımdan Hüseyn Həşimli haqqında ölkəmizin nüfuzlu ziyalılarının, digər peşə adamlarının fikirləri onun monumental portretini daha da aydın göstərən vasitəyə çevrildi. İlk yazını Hüseyn Həşimlinin ömür yolunda, ziyalı taleyində böyük rol oynamış şəxsiyyətlərin nurlu obrazında öz əksini tapan böyük ədəbiyyatşünas alim, görkəmli elm adamı akademik İsa Həbibbəylinin 55 illik ömrün 30 ilindən yaddaşına əbədilik həkk etdiyi bəzi xatirələr və elmi təhlillərin əks olunduğu Qəbul imtahanında əla qiymət almaqdan böyük elmə” adlı məqaləsi ilə Hüseyn müəllimin pərəstişkarlarının ürəyinə su səpmiş oldu.

İki beşlik bir ömrə bu qədər sevgini, bu qədər məhəbbəti necə sığdıra bilmişdi... Hər yerdə gözümüz Hüseyn Həşimlini axtarır: elmi məclislərdən, rəsmi kürsülərdən, mavi ekrandan, mətbuat səhifələrindən – bir sözlə, ədəbi sözün, alim fikrinin hakim olduğu hər yerdə. Kürsü üçün doğulmuşdu əsl söz adamı. Bu söz sərrafı üçün auditoriyanın böyüyü-kiçiyi yox idi. O hər zaman fikrinə, sözünə məsuliyyətlə yanaşır, cümlələri zərgər dəqiqliyi ilə seçir, çatdırmaq istədiyi mətləbi auditoriyaya aydın şəkildə ifadə edirdi. Bu qeyri-adi məziyyətləri Ulu Yaradan sevdiyi bəndəsinə bəxş edir. Bunun bir pedaqoq-alimin şəxsiyyətində kəsişməsi əvəzsiz xoşbəxtlik deməkdir. Hüseyn müəllim belə insanların şəxsi nümunələrindən biri idi. Yetirmələri ədəbiyyatı, poeziyanı onun tədqiqində və təqdimatında daha çox sevdi. Hüseyn müəllimin kürsüdən səsləndirdiyişeir nümunələri bizim ruhumuza mirvari kimi süzülür, qeyri-ixtiyari olaraq yaddaşımıza həkk olunurdu. Həmkarlarımdan birinin: “Sizin qrupa hansı fənni tədris etmişdi?” - sualı məni xəyalən 25 il əvvələ apardı... nəinki Azərbaycan ədəbiyyatı, hətta Xarici ölkə ədəbiyyatı, Rus ədəbiyyatı və digər fənləri də  bizim qrupa Hüseyn müəllim tədris edirdi. O, elmi dilinin aydınlığı, şirinliyi ilə böyük auditoriya sevgisini qazanmışdı. Zəkasının hüdudları son dərəcə geniş görünən alim fitri istedadı, geniş mütaliəsi, həssas müşahidə qabiliyyəti, zəngin təcrübəsi, dolğun, bol həyat müşahidələri ilə seilən alimlərimizdən idi. Onun canlı və maraqlı məruzələri neçə-neçə tələbənin yaddaşında özünə silinməz iz buraxdı, bənzərsiz dərsləri, mühazirələri ilə neçə-neçə tələbənin həyat yoluna işıq saçdı.

İllərin zəhməti, qələmlə qırılmaz ünsiyyəti ondan sonra böyük bir irs qoydu.. O, başladığı çox mövzunun son nöqtəsini qoya bilmədi. Təqdiri-ilahi... amma onun yekunlaşdırdığı əsərlər son təsəllimiz oldu.

55 yaşın zirvəsindən baxanda həddən ziyadə məhsuldar yaradıcılıq, şərəfli və ləyaqətli bir ömür yоlunun səhifələri vərəq-vərəq canlanır insanın gözləri önündə. O bu qısa ömrə nələri sığdırmadı ki!.. Hüseyn Həşimli ömrün bu zirvəsini neçə-neçə ömrə sığacaq yüksək ad-sanla, şan-şöhrətlə, xətir-hörmətlə, qədir-qiymətlə fəth etdi. Bu işıqlı şəxsiyyət keçmiş günlərin xoş xatirələrində əbədiyyət ömrü yaşayır. Onun təkrarsız və bənzərsiz irsi Azərbaycan ədəbiyyatına və naxçıvanşünaslığa əvəzsiz töhfələr oldu. O özü ilə bu nakam ömürdən sadəcə cismini apardı, elmimizə isə boyük yaradıcı irs qoyub getdi. Onun irsi neçə-neçə yazılacaq əsərlərə stimul verəcək.

P.S. Mənim də yetişməyimdə Hüseyn müəllimin əvəzsiz rolu var. Tale elə gətirdi ki, müəllimlə iş yoldaşı olduq. Pedaqoq-alim, yorulmaz tədqiqatçı Hüseyn Həşimli ömrünün son aylarını bizim elm məbədində - AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda direktor müavini olaraq keçirdi. O, işə başladığı ilk gündən orijinal, məsələlərə yanaşma tərzi ilə özünəməxsus iş prinsipini ortaya qoydu. Hüseyn müəllim elmi-tədqiqat işlərinin aktuallığına strateji mənzərədə baxır, problemlərə, ədəbi proseslərə cari planda yanaşmırdı. Hər hansı müzakirənin, diskussiyanın son nöqtəsini məntiqi bir tərzdə qoyur və o məsələdə boşluq buraxmırdı. İşinə böyük həvəs və enerji ilə, necə deyərlər, dörd əllə sarılan Hüseyn müəllimin insani keyfiyyətlərini tamamlayan tələbkarlıq və qayğıkeşlik onun müdrik xarakterində öz əksini tapmışdı. Rəsmi məclislərdə çox ciddi, səmimi ortamlarda həddən ziyadə xoşrəftar olan Hüseyn müəllimin səsi qulaqlarımızdadır... Adı çəkilərkən acı qəhərlə yanaşı xoş siması gözümün önünə gəlir və xatirimə başqa bir xatirə düşür, qeyri-ixtiyari olaraq üzümə təbəssüm gəlir: iş vaxtının sonunda bol həyat müşahidələrindən yoğrulan, universitetdə, məhlədə, hətta kəndlərində şahidi olduğu duzlu-məzəli, eyni zamanda da məzmunlu söhbətlərinə bir az da yumor hissini qatması adamın gərgin iş yorğunluğu üstündən alırdı. Onun yerinə, məqamına uyğun xoş ovqat yaradan zarafatlarını dinləmək böyük bir zövq verir, ruhun mənəvi qidasına  çevrilirdi. Bu məqamlar bizim yaddaşımızda əbədilik hopub, 55 illik mənalı və çərəfli ömür neçə-neçə nadir tədqiqat əsərlərində, həmkarlarının yetirmələrinin qəlbində, elmimiz, ədəbiyyatımız, söz sənətimiz var olduqca əbədi yaşayacaq! Ruhun şad olsun, ustad!

Zülfiyyə İSMAYIL

AMEA Naxçıvan Bölməsinin əməkdaşı

Filologiya üzrə fəlsəfə doktoru, dosent