AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda ­görkəmli kimyaçı-alim, Əməkdar elm xadimi, akademik Həbibulla Şahtaxtinskinin anadan olmasının 120 illiyinə həsr olunmuş onlayn elmi konfrans keçirilib.

Tədbiri institutun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayev açaraq alimin həyat və fəaliyyətindən, kimya elminin inkişafındakı xidmətlərindən danışıb. Bildirib ki, Həbibulla Şahtaxtinskinin elmi fəaliyyəti analitik kimya və qeyri-üzvi maddələrin texnologiyası sahələrini əhatə edir.
Qeyd olunub ki, Həbibulla Şahtaxtinskinin apardığı elmi və praktik araşdırmaların nəticələri alimin “Zəylik yatağı süxurlarından alüminium duzlarının alınması”, “Alunitin kompleks emalından qalliumun alınması”, “Maqnezium və kalsiumun arsenat metodu ilə təyini”, “Miqdari kimyəvi analiz” və digər əsərlərində yer alıb. Yeddi monoqrafiya və dərsliyin, 380 elmi əsərin müəllifi olan akademikin rəhbərliyi ilə 3 elmlər doktoru, 35 fəlsəfə doktoru hazırlanıb.
Daha sonra institutun böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Aliyə Rzayeva “Akademik Həbibulla Şahtaxtinskinin həyatı”, Əhməd Qarayev “Həbibulla Şahtaxtinskinin analitik və qeyri-üzvi kimya texnologiyasının nəzəri və təcrübi problemlərinin həlli yolları sahəsində yaradıcılığı” və Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynov “Akademik Həbibulla Şahtax­tinskinin “Miqdari kimyəvi analiz” kitabının əhəmiyyəti haqqında” mövzularda məruzələrlə çıxış ediblər.
Tədbirin sonunda institutun direktor müavini, kimya elmləri doktoru Bayram Rzayev çıxış edərək görkəmli alimlə bağlı xatirələrini bölüşüb.

AMEA Naxçıvan Bölməsinin
Beynəlxalq əlaqələr və informasiya şöbəsi