Naxçıvan Dövlət Universitetində (NDU) “Ekoloji tarazlığın qorunub saxlanılmasına müasir baxış: Problemlər, faktlar, təkliflər” mövzusunda onlayn respublika elmi konfransı keçirilib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən univеrsitеtin rektoru Elbrus İsayev ölkəmizdə təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji tarazlığın qorunması istiqamətində görülən tədbirlərdən danışıb. Qeyd olunub ki, muxtar respublika ərazisində də ekoloji tarazlığın qorunması, əlverişli ekoloji mühitin yaradılması, insanların sağlam ətraf mühitdə yaşamasının təmin edilməsi məqsədilə uğurlu sosial-ekoloji siyasət həyata keçirilir. Rektor universitetdə “Ekologiya mühəndisliyi”, “Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi” ixtisasları üzrə bakalavr, magistr, doktorant hazırlığının həyata keçirilməsindən bəhs edərək diqqətə çatdırıb ki, ali təhsil ocağında yaradılan müasir tədris şəraiti gələcək təcrübələrin, tədqiqatların aparılması üçün mühüm elmi-təcrübi əhəmiyyətə malikdir.

AMEA Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov “Azərbaycanın su ehtiyatlarının və iqlim dəyişmələrinin dayanıqlı inkişafa təsiri” adlı çıxışında ölkəmizdə su ehtiyatlarının azalmasının iqlim dəyişmələrinə təsirinin aradan qaldırılması üçün bir sıra tədbirlərin görüldüyünü deyib. Akademik vurğulayıb ki, su ehtiyatının tükənməsinə yol verilməmək üçün çaylar mühafizə olunmalı, onların ekoloji axını bərpa olunmalı, yaşıl texnologiyaların, eyni zamanda suya qənaetedici texnologiyaların geniş tətbiqinə üstünlük verilməli, sudan qənaətlə, lazım gəldikdə təkrar istifadə edilməlidir.

AMEA-nın müxbir üzvü, Torpaq və Aqrokimya İnstitutunun direktoru, aqrar elmlər üzrə elmlər doktoru, professor Əlövsət Quliyev “Naxçıvan Muxtar Respublikasında torpaq ehtiyatlarından istifadə zamanı suvarma və su problemləri” mövzusunda çıxışında qeyd edib ki, muxtar respublikada suvarma problemləri bir çox üsulla həll edilir, qapalı suvarma şəbəkəsi, subartezian quyuları və kəhrizlərdən istifadə olunur. Muxtar respublikada sudan səmərəli istifadə olunması, torpaqların münbitliyinin qorunması, şoranlaşma və eroziyaya qarşı mübarizə aparılması, relyefi müxtəlif olan ərazilərdə düzgün suvarma tədbirlərinin icra edilməsi məqsədilə 2007-ci ildən damcı üsulu ilə suvarma sisteminə üstünlük verilir. Müsbət haldır ki, son dövrlər muxtar respublikada yeni-yeni meyvə bağları və meşə-parklar yaradılıb, xeyli bərpa işləri aparılıb. Nəticədə Naxçıvan şəhəri MDB ölkələri içərisində təmiz şəhərlər siyahısında öncül yerlərdədir.

Onlayn konfransda “Coğrafiya” kafedrasının müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Əli Həsənovun, Ekoloji və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit və təbii sərvətlərdən istifadənin dövlət nəzarəti şöbəsinin müdiri Azər Məmmədovun da çıxışları dinlənilib.