Buraxılış (qəbul) imtahanlarının keçirilməsi ilə əlaqədar Dövlət İmtahan Mərkəzinin (DİM) Bakı şəhərində yerləşən inzibati binalarında və rayonlarda olan regional bölmələrində iyunun 18-də və 19-da vətəndaşların qəbulu həyata keçirilməyəcək.

DİM-dən bildirilib ki, iyunun 18-də və 19-da imtahan prosesinin idarə olunması və imtahanların gedişinə nəzarət etmək üçün operativ qərargah fəaliyyət göstərəcək.

Vətəndaşların qəbulu iyunun 22-si və daha sonrakı iş günlərində (imtahan günləri istisna olmaqla) davam etdiriləcək.

Xatırladaq ki, DİM-in Bakı şəhərində yerləşən inzibati binalarında və rayonlarda yerləşən regional bölmələrində vətəndaşların qəbulu Mərkəzin internet saytı vasitəsilə yalnız əvvəlcədən onlayn növbə götürməklə həyata keçirilir.

Vətəndaşlardan zəruri hallarda onlayn növbə götürmək və xidmət mərkəzlərinə yaxınlaşmaq xahiş olunur.

Tibbi maskasız müraciət edənlərin qəbulu həyata keçirilmir.