Muxtar respublikada bütün sahələrdə olduğu kimi, təhsil sahəsi də dövlət qayğısı ilə əhatə olunmuşdur. Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafına göstərilən diqqət və qayğı sayəsində Naxçıvan şəhər 5 nömrəli, Şərur rayon Muğanlı, Muğancıq-Mehrab, Yeni Havuş, Xələc kənd tam orta, Babək rayon Kültəpə kənd tam orta, Gülşənabad kənd ümumi orta, Ordubad rayon Vənənd, Şahbuz rayon Türkeş, Kəngərli rayon Böyükdüz kənd tam orta məktəblərinin yeni binaları istifadəyə verilmişdir.

Tədris ili ərzində təhsilə dövlət qayğısı təkcə məktəb tikintisi ilə yekunlaşmamış, müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi də diqqətdə saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 5 müəllim “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, 6 müəllim “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adlarına layiq görülmüş, 4 müəllim “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
2019-2020-ci tədris ilində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrində tədrisin səviyyəsinin yüksəldilməsi, pedaqoji heyətin peşəkarlıq səviyyəsinin artırılması, peşə təhsilinin təşkili diqqətdə saxlanılmış, dərsliklərin müzakirəsi, şagirdlərin bilik səviyyəsinin öyrənilməsi və asudə vaxtlarının səmərəli təşkili, istedadlı şagirdlərin aşkarlanması, idmanın kütləviliyinin təmin edilməsi istiqamətində bir sıra işlər görülmüşdür.
Tədris ili ərzində müəllimlərin peşəkarlıq səviyyəsinin, müasir təlim üsullarının tətbiqi sahəsində bacarıqlarının artırılması məqsədilə ali təhsil müəssisələri ilə birgə elmi-praktik konfranslar, seminarlar və digər tədbirlər təşkil olunmuş, ali məktəblərin professor və müəllim heyətləri, həmçinin pedaqoji profilli ixtisaslarda təhsil alan sonuncu kurs tələbələrinin iştirakı ilə dərsliklərin müzakirəsi keçirilmişdir.
2019-2020-ci tədris ilində interaktiv və nümunəvi dərslərin keçilməsi diqqətdə saxlanılmış, muzeylərlə ümumtəhsil məktəbləri arasında 14, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi ilə 7, Naxçıvan Şahmat Mərkəzi ilə ümumtəhsil və Şahmat məktəbləri arasında 15 interaktiv dərs, eyni zamanda muxtar respublikada fəaliyyət göstərən elm, ali və orta ixtisas təhsili müəssisələrinin elmi dərəcəli müəllimləri tərəfindən 917 saat nümunəvi dərs keçilmişdir.
Tədris ili ərzində istedadlı şagirdlərin bilik və bacarıqlarının üzə çıxarılması, onların potensiallarının inkişafı istiqamətində bir sıra işlər görülmüş, olimpiada hərəkatı diqqətdə saxlanılmış, muxtar respublika və respublika fənn olimpiadaları, həmçinin beynəlxalq səviyyəli bilik yarışları keçirilmişdir.
Başa vurduğumuz tədris ili bir sıra yeniliklərlə yadda qalmışdır. Belə ki, ilk dəfə olaraq VII siniflərdə dərsdənkənar məşğələ hesabına “Naxçıvan tarixi”i tədris edilmiş, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində innovativ dərnəklər fəaliyyətə başlamış, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə Robotexnika və Mental-aritmetik dərnəklərinin, Şərur rayonunun məktəbdənkənar tərbiyə müəssisələrində isə innovativ dərnəklərin yaradılması istiqamətində təşkilati işlər yekunlaşmışdır. İstedadlı şagirdlərin əl işlərindən ibarət albom-kataloq nəşr edilmişdir. Ümumtəhsil məktəblərində kompüterlərin, elektron lövhələrin, şəbəkə qurğularının, digər elektron cihaz və avadanlıqların alınmasını, quraşdırılmasını, təmirini və onlara texniki xidmət göstərilməsini təmin etmək məqsədilə nazirliyin nəzdində “Texniki Servis Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmişdir.
Bu tədris ili ümumtəhsil məktəblərinin IX sinfini 3546, XI sinfini isə 2723 şagird bitirmişdir. XI sinif məzunlarından 2575-i, yəni 94,6 faizi ali və orta ixtisas müəssisələrinə qəbul üçün sənəd vermişdir. Həmçinin Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən liseylərə qəbul aparılmışdır. Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul üçün 352, Qızlar Liseyinə isə 230 şagird sənəd vermiş, iyunun 11-də Naxçıvan Qızlar Liseyinə, iyunun 12-də isə Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul imtahanları keçirilmişdir.
Mövcud vəziyyətlə bağlı mart ayının əvvəlindən tədris prosesinin dayandırılmasına baxmayaraq, son 4 ay ərzində şagirdlərə gündəlik olaraq mövzular çatdırılmış, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, ali təhsil müəssisələri ilə qarşılıqlı sıx əməkdaşlığın qurulması diqqətdə saxlanılmış, onlayn qaydada konfranslar və təlimlər davam etdirilmişdir. Muxtar respublikada bütün sahələri əhatə edən yüksək infrastrukturun, internetlə təmin olunmanın nəticəsidir ki, tədrisin dayanması şagirdlərin təhsil alması ilə yanaşı, onların bir sıra müsabiqələrə qoşulmasına maneə olmamış, öz istedadları ilə fərqlənən şagirdlərlə bir sıra işlər aparılmış, onlara öz istedadlarını nümayiş etdirmə imkanı yaradılmışdır. Belə ki, may ayında da şagirdlərin asudə vaxtlarını səmərəli keçirmək və bacarıqlarını inkişaf etdirmək, istedadlı şagirdləri aşkar etmək üçün müxtəlif müsabiqələr təşkil olunmuşdur.
Cari tədris ilinin yekunu ilə əlaqədar olaraq ümumtəhsil məktəblərində təhsil alanların illik qiymətlərinin və digər sənədlərinin yazılması, buraxılış siniflərinin attestata yazılacaq fənlər üzrə dərs saatlarının müəyyənləşdirilməsi ­yekunlaşıb.
İnanırıq ki, məktəblilərimiz ötən illərdə olduğu kimi, bu il də mövcud vəziyyətə görə yaranmış çətinliyə baxmayaraq, qəbul imtahanlarında yüksək nəticələr göstərəcək və hər zaman olduğu kimi, muxtar respublika məktəblərinin adlarını respublika üzrə ön sıralarda tutacaqlar.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti