Muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı, yeni sənaye və xidmət sahələrinin yaradılması, həmin sahələrdə müasir informasiya texnologiyalarının tətbiqi təhsil sahəsində, xüsusən də dəqiq elmlər sahəsində dərin bilik verilməsinə tələbatı artırır. Bununla əlaqədar muxtar respublikamızda dəqiq elmlər sahəsi üzrə kadrların hazırlanması diqqətdə saxlanılmış, təhsilə göstərilən hərtərəfli qayğının daha bir nümunəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 aprel tarixli Sərəncamı ilə Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey yaradılmışdır.Yaradılan əlverişli tədris şəraitinin nəticəsidir ki, qəbulu müsabiqə yolu ilə aparılan liseydə təhsil almaq üçün müraciət edən şagirdlərin sayı hər il artmaqdadır.

2020-2021-ci tədris ili üzrə Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul imtahanı dünən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə keçirilib. İmtahanda iştirak etmək üçün mayın 6-dan mayın 29-dək aparılmış sənəd qəbulunda ümumtəhsil məktəblərinin VI sinfini bitirən 352 oğlan şagirdi qeydiyyatdan keçib.
Müsabiqədə şagirdlərəAzərbaycan dili fənni üzrə20, riyaziyyat və fizika fənlərinin hər biri üzrə 25, ingilis dili fənni üzrə 15, coğrafiya tarix, biologiya fənlərinin hər biri üzrə 5 sual olmaqla, ümumilikdə, 100 sual təqdim edilib. Sualları cavablandırmaq üçün 150 dəqiqə vaxt verilib. Test formatında keçirilən imtahanda muxtar respublika üzrə fəal iştirak edən və ən yüksək nəticə göstərən 60 şagird liseyə qəbul ediləcək. Şagirdlər liseydə VII sinifdətəhsil alacaqlar.
Qeyd edək ki, imtahanın təşkili və gedişi zamanı karantin rejiminin qaydalarına ciddi əməl olunub.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti