Dünən Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə Heydər Əliyev adına Hərbi Liseyin sonuncu kursunda təhsil alan kursantlar üçün buraxılış imtahanı keçirilib. Bir mərhələdə keçirilən imtahanda liseyin 188 kursantı iştirak edib. Kursantlar binaya daxil olarkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini, sağlamlıq haqqında bəyannaməni təqdim ediblər.

İmtahanın təşkili və gedişi zamanı karantin rejiminin tələblərinə ciddi riayət olunub.
Yüksək səviyyədə təşkilatçılıq məqsədilə imtahandan 1 gün əvvəl nəzarətçilərlə videobağlantı vasitəsilə seminar keçirilib.
Qeyd edək ki, məktəb binasındakı 16 zalda keçirilən imtahanların idarə olunmasına 1 ümumi imtahan rəhbəri, 2 imtahan rəhbəri, 21 nəzarətçi-müəllim cəlb edilib. Sualları cavablandırmaq üçün kursantlara 3 saat vaxt ayrılıb.
İmtahan zamanı kursantlara Azərbaycan dili fənni üzrə 30, riyaziyyat fənni üzrə 25, xarici dildən isə 30 olmaqla, ümumilikdə, 85 sual təqdim edilib. Qəbul imtahanında abituriyentlərin toplaya biləcəyi maksimal göstərici hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti