Naxçıvan Dövlət Universitetinin (NDU) Tibb fakültəsinin həkim, rezident və tələbələri “Qarın gərmə əməliyyatı – abdomenoplastikanın icrası və sonrakı dövrün izahı” adlı cərrahi əməliyyatda onlayn iştirak ediblər.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, International Medical Center 2 (Beynəlxalq Tibb Mərkəzi) klinikasının baş həkimi və ümumi cərrahı Elvin Əliyevin həyata keçirdiyi əməliyyat sosial şəbəkə üzərindən iki saatdan artıq müddətdə canlı yayımlanıb.

Koordinasiyası və canlı videotəqdimatı tibb fakültələrinin tələbələri tərəfindən təşkil edilən onlayn əməliyyatda müəllim və tələbələrin sualları da cavablandırılıb.

Qeyd edək ki, 2005-2011-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Pediatriya ixtisasında təhsil alan Elvin Əliyev 2011-2016-cı illərdə Azərbaycan Tibb Universitetində “Ümumi cərrahiyyə” ixtisası üzrə rezidentura təhsili alıb. O, plastik cərrahiyyə, qarın gərmə, body lifting üzrə Türkiyədə ixtisas kursunda olub. Plastik cərrahiyyədə daha çox qarın gərmə əməliyyatları ilə məşğul olan həkim dünyada ən çox bu əməliyyatları edən həkimlərin siyahısındadır. İndiyədək minlərlə bu cür əməliyyatları icra edən Elvin Əliyev estetik-plastik cərrahiyyə üzrə ixtisaslaşıb.