Aparılan uğurlu təhsil siyasəti çərçivəsində muxtar respublika və respublika fənn olimpiadaları, Beynəlxalq Riyaziyyat Olimpiadasının diyarımızda keçirilməsi də istedadlı şagirdlərin üzə çıxarılmasında mühüm rol oynayır. Belə tədbirlərin davamı olaraq dünən Respublika fənn olimpiadasının keçirilməsi dəqiq elmlər sahəsində istedadlı şagirdlərin üzə çıxarılması və onların potensialının inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir.

Pandemiya ilə əlaqədar təxirə salınmış Respublika fənn olimpiadasının respublika mərhələsinin fizika və riyaziyyat fənləri üzrə final turu zamanı Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə keçirilib. Olimpiada zamanı bütün fənlər üzrə şagirdlərə sualları cavablandırmaq üçün 4 saat vaxt verilib.
Fevral ayında keçirilmiş respublika mərhələsinin yarımfinal turunun nəticələrinə əsasən, muxtar respublika üzrə uğur qazanmış 87 şagirddən bu gün keçirilən olimpiadada riyaziyyat fənni üzrə 20, fizika fənni üzrə isə 3 olmaqla, ümumilikdə, 23 şagird iştirak edib. İştirakçıların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədilə bütün qabaqlayıcı tədbirlər həyata keçirilib.
Qeyd edək ki, iyunun 9-da keçiriləcək final turunda Azərbaycan dili və ədəbiyyatı fənni üzrə 18, coğrafiya fənni üzrə 12, tarix fənni üzrə 11 olmaqla, ümumilikdə, 41 şagird, iyunun 11-də keçiriləcək final turunda isə kimya fənni üzrə 10, informatika fənni üzrə 2, biologiya fənni üzrə isə 11 olmaqla, ümumilikdə, 23 şagird iştirak edəcəkdir. Növbəti final turları da Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə keçiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti